Azərbaycan və Makedoniya mədəni irsinin qarşılıqlı təbliği dostluq əlaqələrinə xidmət edir

Noyabrın 9-da Ağsu şəhərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan və Makedoniya mədəni irsini tanıdan tədbirlər keçirildi. Təşəbbüsə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, bu ölkənin Sosio-mədəni Antropologiya İnstitutu, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC), habelə “AzGranata” MMC tərəfindən dəstək verilib.

Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər. Sonra Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin direktoru Reyhan Tacizadə qonaqlara mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verdi. Mərkəzdə informasiya-kommunikasiya texnologiyaları, xarici dillər kabinələri və kitabxana fəaliyyət göstərir. Qeyd edildi ki, ulu öndər ölkəmizə rəhbərliyi dövründə üç dəfə Ağsu rayonunda olub, bir sıra ictimai və mədəniyyət obyektlərinin açılışında iştirak edib.

* * *
Sonra Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Azərbaycan və Makedoniyanın mədəni irs abidələri” adlı fotosərginin açılışı oldu. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, son illər Ağsuda mədəni irsə ictimai maraq xeyli artıb, bu istiqamətdə layihələr həyata keçirilir. İcra başçısı tədbirin əlamətdar günə - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə təsadüf etdiyini bildirərək bu münasibətlə iştirakçılara təbriklərini çatdırdı. Bildirdi ki, bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu olmaqla yanaşı, həmçinin xalqın tarixi irsinin müqəddəs rəmzləridir.
“Miras” İctimai Birliyinin sədri Fariz Xəlil sərgi və həyata keçirilən təşəbbüs barədə məlumat verdi, Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini vurğuladı. Bildirdi ki, bizim Makedoniya ilə mədəni irs əlaqələrimiz 2012-ci ildən yaranıb. Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisi təşkil edilib. 2013-cü ildə bu ölkədə mədəni irs, media və beynəlxalq turizm konfransında iştirak etmişik. Bu əlaqələrlə bağlı kitab və jurnal çap olunub.
Makedoniya Sosio-mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon iki ölkə hökumətləri arasında əməkdaşlıq memorandumu imzalandığını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu bildirdi. Qonaq Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, belə bir gündə ölkəmizdə olmasından məmnunluğunu vurğuladı.
Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, Mədəniyyət və Turizm Nazirliyi Mədəni irs şöbəsi Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi Sabir Tağıyev, “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji turizm layihəsinin koordinatoru Məleykə Hüseynova və başqaları çıxış edərək mədəni irsin qarşılıqlı təbliğinin ölkələrimizi və xalqlarımızı bir-birini daha yaxından tanımasına imkan yaratdığını qeyd etdilər. Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlərdən, ölkəmizdə arxeoloji turizmin perspektivlərindən söz açıldı, COMCEC-in dəstəyi ilə həyata keçirilən “Ümumi mədəni irs şəhərləri” beynəlxalq layihəsində orta əsr Ağsu şəhərinin əsas marşrutlardan biri olduğu bildirildi.
Tədbirdə “Miras” İctimai Birliyi idarə heyətinin qərarına əsasən, Ağsu arxeoloji ekspedisiyasının fəaliyyətinə və elmi-mədəni tədbirlərə verdiyi dəstəyə görə rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev təşkilatın mükafatı ilə təltif edildi

* * *
Sonra Ağsu şəhər Mədəniyyət sarayında Makedoniyanın Vevçani bölgəsindən olan “Kud Drimkol” folklor qrupunun ifasında rəqslərdən və “Miras” musiqi qrupunun ifasında muğam dəstgahından ibarət konsert proqramı təqdim olundu. “Kud Drimkol” folklor qrupunun hüzn, ayrılıq, qəhrəmanlıq və sevgidən bəhs edən xalq rəqsləri, eləcə də muğam nümunələrimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
AMEA-nın Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədli Azərbaycan folkloru və folklor turizmi haqqında qısa çıxış etdi.

* * *
Səfər zamanı media və turizm nümayəndələri “AzGranata” MMC-nin Ağsu şəhərində yeni açılmış mağazasında yerli məhsullarla da tanış oldular. Media nümayəndələrinə “Ağsuda arxeoloji turizm perspektivləri” infroturunda iştirak etdiklərinə görə sertifikatlar verildi.
Makedoniyalı qonaqlar üçün daha sonra Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları təşkil olunacağı bildirildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar