Noyabrın 3-dən 6-dək Londonda keçirilən «Dünya səyahət bazarı - 2014» (“World Travel Market - 2014”) ənənəvi beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları da nümayiş olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib. Sərgidə həmçinin “Geo travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Büllur travel", "Millennium Tourism and Congress" şirkətləri, “Pik Palace" və "Jumeirah Bilgah Beach" hotelləri, "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunub.
Sərgi mərkəzində 105 kvadratmetrlik sahədə qurulan Azərbaycan stendinə ziyarətçilər böyük maraq göstərib. Azərbaycan guşəsində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı xüsusi məlumat lövhəsi də qurulub.
Tədbirin iştirakçısı olmuş Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın bildirdiyinə görə, ziyarətçilərə ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında ətraflı məlumat verilib, ingilis dilində müxtəlif növ reklam-çap məhsulları hədiyyə edilib. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə də stendimizə baş çəkib, turizm təmsilçilərimizlə söhbət edib.
Azərbaycanın turizm potensialı, mətbəxi, mədəni irs abidələri ziyarətçilərdə böyük maraq doğurub. Qış turizmi həvəskarları ölkəmizdə yeni fəaliyyətə başlayan Qusardakı «Şahdağ» yay-qış turizm kompleksi, Qəbələdəki «Tufandağ» turizm kompleksi barədə suallar veriblər.
Turizm şirkətlərinin nümayəndələri sərgi çərçivəsində görüşlər keçiriblər, müxtəlif ölkələrdən olan həmkarları ilə işgüzar əlaqələr qurublar. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da sərgi çərçivəsində keçirilən tədbirlərin iştirakçısı olublar. Nazirliyin Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıncov və Regionlarda turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Aysel Əliməmmədova Dünya Turizm Təşkilatının “İpək Yolu” proqramının WTM sərgisi ilə əməkdaşlığına və WTM-in 35 illiyinə həsr olunan seminarda iştirak ediblər. Seminarda İpək Yolu ilə bağlı yeni proqramların hazırlandığı bildirilib.
Mətbuat katibi onu da bildirdi ki, üzdəniraq qonşularımız sərgidə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Ermənistan stendində "Karabakh" adlı lövhə qoyulub. Londonda yaşayan azərbaycanlı tələbələr buna etiraz olaraq Ermənistanın stendi önündə səssiz aksiya keçiriblər.
Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edib.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar