Paytaxt məktəbliləri bölgələrimizlə tanış olurlar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ölkənin orta məktəblərinin 9-11-ci sinif şagirdləri üçün maarifləndirici ekskursiya turlarının ikinci mərhələsinə start verilib. “Ölkəmizi tanıyaq” devizi altında keçirilən turların ikinci mərhələsində Bakı şəhərinin 12 rayonunun orta məktəblərinin şagirdləri respublikamızın bölgələrinə səfər edirlər. Noyabrın 9-da başlanan və ayın 17-dək davam edəcək ekskursiyalar 6 istiqamətdə (Gəncə- Göygöl-Şəmkir, Şamaxı-İsmayıllı-Qəbələ, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik, Şəki-Qax-Zaqatala və Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) həyata keçirilir.

Gəncə-Göygöl-Şəmkir marşrutu

Tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan Bakının Pirallahı və Xətai rayonlarının şagirdləri Gəncə ilə tanışlığa Qala Arxeologiya və Etnoqrafiya Muzeyindən başlayıblar. Sonra məktəblilər dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Şəhərlə tanışlığı Şah Abbas məscidi, Çökək hamam tarixi memarlıq abidələrində, Məhsəti Muzeyində davam etdirən məktəblilər sonra Cavad xanın türbəsinə gəliblər.
Ekskursiya Şəmkir rayonunda davam edib. Muxtariyyə kəndi ərazisində Şəmkir qalasının qalıqlarına maraqla tamaşa edən məktəblilərə məlumat verilib ki, Böyük İpək Yolu üstündə yerləşən abidə 2007-ci ildə arxeoloji qazıntılar zamanı aşkar edilib. Şagirdlər sonra Şəmkirdəki Heydər Əliyev Mərkəzində, Bayraq meydanında, İstiqlal parkında, habelə XIX əsrdə almanlar tərəfindən inşa edilən lüteran kilsəsində olublar.
Göygöl şəhərində məktəblilər əvvəlcə Heydər Əliyev parkında, gənclər və uşaq-əyləncə mərkəzlərində olublar, vaxtilə burada yaşamış alman icmasının sonuncu nümayəndəsi Viktor Klaynın mənzil-muzeyinə baxıblar. Bölgə ilə tanışlıq ekskursiya iştirakçılarında zəngin təəssürat yaradıb.

Qaradağdan Qarabağa

Paytaxtın Nərimanov və Qaradağ rayonlarının məktəbliləri Qarabağ bölgəsinə səfərə Füzulidən başlayıblar. Rayonun 1994-cü ildə işğaldan azad edilən 20-dək yaşayış məntəqəsində infrastruktur bərpa olunub, məcburi köçkünlər üçün 16 qəsəbə salınıb. Horadiz şəhərinə gələn məktəblilər Dövlət Bayrağı Meydanında, Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq muzeyində olublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən muzey binası bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Məktəblilər Baş Mil Kanalı üzərində inşa edilən Su Elektrik Stansiyasına baş çəkiblər.
Sonra məktəblilər Ağdam rayonuna gəliblər. Onlara məlumat verilib ki, rayon ərazisinin dörddə üçü - Ağdam şəhəri və 80-dən çox kənd işğal altındadır. İşğal olunmayan ərazilərdə böyük quruculuq işləri görülüb, məcburi köçkünlər üçün 18 yeni qəsəbə salınıb. Məktəblilər Şəhidlər abidə kompleksini ziyarət etdikdən sonra Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında “Şur” ansamblının konsertinə baxıblar.
Qarabağ bölgəsinə səfər Bərdə rayonunda davam edib. Məktəblilər tarix-diyarşünaslıq muzeyi, Bərdənin tarixi məkanları ilə tanış olublar. 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi və VI əsrə aid köhnə şəhər divarları şagirdlərin daha çox marağına səbəb olub. Daha sonra Tərtər rayonuna gələn ekskursiya iştirakçıları Heydər Əliyev parkını gəzib, Gənclər Mərkəzində əyləncəli oyunlar oynayıblar.
Qrupun rəhbəri Firidun Hüseynov qeyd edib ki, məktəblilərin Qarabağ bölgəsinə ekskursiyaları xüsusi əhəmiyyət kəsb edir. Üçgünlük səfər iştirakçılarda zəngin təəssüratlar yaradıb.

Şəki-Qax-Zaqatala

Bakının Sabunçu və Suraxanı rayonlarının məktəbliləri əvvəlcə Şəki şəhərinə gəliblər. Şəki Olimpiya İdman Kompleksinin hotelində yerləşən məktəblilər şəhərdəki tarixi məkanlar - Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” və digər abidələrlə tanış olub, sənətkarların dükanlarına baş çəkib, həmçinin Kiş kəndindəki qədim alban məbədini ziyarət ediblər.
Sonra Qax rayonuna səfər edən məktəblilər Heydər Əliyev Mərkəzi, Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanış olublar. XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq məktəblilərin ürəyincə olub.
Tur iştirakçılarının Zaqatala rayonuna səfəri də zəngin olub. Mədəniyyət və istirahət parkı, Zaqatala Tarix-Mədəniyyət Qoruğu ərazisində XIX əsrə aid Zaqatala qalası ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.

Bakı məktəbliləri cənub bölgəsində

Tur-aksiya çərçivəsində Bakının Yasamal və Səbail rayonlarından 90 məktəbli cənub bölgəsində olub. Şagirdlər Masallı rayonunda Heydər Əliyev və Gənclər mərkəzləri, “İstisu” müalicəvi turizm istirahət mərkəzinə baş çəkiblər.
Lənkəranda Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, “Xan sarayı”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev-muzeyi ilə tanışlıq da onlarda böyük təəssürat yaradıb. “Qoşa qala qapıları”, “Dairəvi Qala”, “Mayak” binası məktəblilər tərəfindən maraqla qarşılanıb. Məktəblilər “Xanbulan” istirahət mərkəzi, Hirkan qəsəbəsindəki çay plantasiyaları ilə də tanış olublar.
Sonra Lerik rayonuna gələn məktəblilərə məlumat verilib ki, rayonda 200-dən çox təbiət abidəsi və tarixi abidə var. Ən qədim yaşayış məskənlərindən biri kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XVI əsrlərə aid Oğlan və Qız qalaları, daş qoç heykəlləri, daş qutu nekropolları Lerikin qədim tarixindən xəbər verir. Lerik dünyada uzunömürlülər diyarı kimi tanınır. Məktəblilər XV əsrin yadigarı olan Babagil türbəsini ziyarət edib, “Relax” turizm və istirahət mərkəzində olublar.

Qəbələdən unudulmaz təəssürat

Şamaxı-İsmayıllı-Qəbələ marşrutu üzrə tur-aksiyanın iştirakçısı olan Nizami və Xəzər rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri noyabrın 11-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən sosial obyektləri ilə tanış olublar. Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi, Nohur gölü ilə tanış olan şagirdlər daha sonra Nic qəsəbəsinə gələrək “Cotari” alban kilsəsini ziyarət ediblər. Şagirdlərə rayonda yaradılan müasir turizm infrastrukturu barədə məlumat verilib. Bakı məktəbliləri zəngin təəssüratlı səfərlərini İsmayıllı rayonunda davam etdiriblər.

Quba-Qusar-Xaçmaz marşrutu

Bakının Binəqədi və Nəsimi rayonlarının məktəblilərindən ibarət qruplar isə şimal bölgəsində olub. Əvvəlcə Qusar rayonuna gələn məktəblilər “Şahdağ” Qış-Yay Turizm Kompleksində olublar. Bildirilib ki, 2009-cu ilin sentyabrında təməli qoyulan kompleksin ilk mərhələsi 2013-cü ilin yanvarında açılıb. Hazırda kompleksdə növbəti qış turizm mövsümünə hazırlıq işləri görülür. Sonra tur-aksiyanın iştirakçıları Qusar Tarix-Diyarşünaslıq Muzeyi, rəsm qalereyası ilə tanış olublar, Həzrə kəndində XVI əsrə aid “Şeyx Cüneyd” türbəsini ziyarət ediblər.
Şagirdlər Quba rayonunun görməli yerləri ilə də tanış olublar. “Qədim Quba” xalçaçılıq müəssisəsində onlara yerli xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib. Tur-aksiyanın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığa ürək ağrısı ilə baxıblar. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan memorial kompleks 2013-cü ildə açılıb. Sonra məktəblilər Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsi, “Rixos Quba” hotel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə tanış olublar. Məktəblilərin səfəri noyabrın 12-də Xaçmaz rayonunda davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar