Qurumun üzvləri Barselona və Berlində çoxsaylı görüşlər keçiriblər
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu beynəlxalq tədbirlərdə uğurla iştirak edir. Xəbər verdiyimiz kimi, qurum 18-20 noyabr tarixində İspaniyanın Barselona şəhərində keçirilən "EİBTM-2014" beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edib.
Biznes turizmi sahəsində nüfuzlu tədbirdə Azərbaycanın turizm bazarı iştirakçıları və mehmanxanaları haqqında məlumat əks olunan xüsusi stend qurulub. Büronun üzvü olan “Fairmont Baku”, “Hilton Baku”, “JW Marriott”, “Kempinski Badamdar”, “Jumeirah Bilgah Beach” hotelləri və “Victory Tour”, “Millennium Tourism” və “Regea Travel” turizm şirkətləri tədbirdə iştirak edib.
Sərgi iştirakçıları yeni təyinat məkanı kimi xüsusi diqqət cəlb edən Azərbaycan stendinə böyük maraq göstərib. Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev də stendə baş çəkib və görülən işlərdən məmnunluq ifadə edib.
Tədbir zamanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə, Rusiya, Avstriya və Almaniyanın aparıcı turizm bazarı iştirakçıları və media nümayəndələri ilə görüşlər keçirib. Tərəflər turizm sahəsindəki yeniliklər barədə fikir mübadiləsi aparıblar, Azərbaycanda bu sahənin inkişafına yönələn addımlardan söz açılıb.
Sərgi zamanı Azərbaycan Konqreslər Bürosu üzvləri müxtəlif ölkələri təmsil edən alıcılarla 300-dən çox təkbətək görüş keçirib ki, görüşlər zamanı 40-a qədər konkret sorğu qəbul edilib. Qeyd edək ki, EİBTM beynəlxalq sərgisi hər il 3 mindən çox turizm bazarı iştirakçısını və 15 minə yaxın mütəxəssisi bir araya gətirir.
* * *
Azərbaycan Konqreslər Bürosu bu günlərdə daha bir tədbirdə - M&I Rusiya və Şərqi Avropa Forumunda iştirak edib. Xüsusi olaraq Rusiya və Şərqi Avropa bazarları üçün nəzərdə tutulan və bu region üzrə MİCE (biznes turizmi) bazarının aparıcı iştirakçılarını bir araya gətirən bu forum 9-13 noyabr tarixində Berlində gerçəkləşib.
Büro təmsilçiləri forumda 50-dək fərdi görüş və iclas keçirib. Bu görüş və danışıqların əsasında qeyd etmək olar ki, Şərqi Avropa, xüsusilə də Rusiya, Polşa və Çexiya Azərbaycanın turizm bazarına böyük maraq göstərir. Xarici tərəfdaşlar ölkəmizdə müasir mehmanxana və görüş məkanları barədə məlumatı böyük maraqla qarşılayıblar.
Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonunda fəaliyyətə başlayıb və ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın beynəlxalq tədbirlər üçün inkişaf edən məkan kimi təbliğ olunması istiqamətində fəaliyyət göstərir.