“Skal Baku”nun toplantısında ölkəmizdə də belə şəhərin yaradılmasına dair fikirlər səsləndi

Noyabrın 21-də «Park İnn» hotelində «Skal İnternational”ın (Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası) Bakı klubunun 18-ci toplantısı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi nümayəndələrinin, Azərbaycanda fəaliyyət göstərən hotel və turizm şirkətləri rəhbərlərinin iştirak etdiyi tədbirdə «Skal Baku» klubunun prezidenti, ATİ-nin rektoru, professor Cəfər Cəfərov qurumun fəaliyyəti barədə məlumat verdi. “Skal”ın dostlar arasında ünsiyyət funksiyasını yerinə yetirdiyini deyən qurum rəhbəri tədbirin qonaqlarından Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin professoru İrfan Arıkanı iştirakçılara təqdim etdi. Bildirdi ki, o, hazırda «Skal İstanbul» klubunun üzvüdür, dünyada ilk dəfə bu klubun tərkibində «Young Skal»ın yaradıcısı olub.
İrfan Arıkan çıxışında bildirdi ki, «Young Skal» turizm fəaliyyəti ilə məşğul olan gəncləri birləşdirən qurumdur. Onun sözlərinə görə, gənc turizmçilərin çox maraqlı layihələri olur və onların həyata keçirilməsi ilə turizmin inkişafında mühüm nailiyyətlər əldə etmək mümkündür. O, Azərbaycanda da tezliklə «Young Skal»ın geniş fəaliyyətə başlayacağına inandığını dedi.
Sonra İrfan bəy, «Turizm paradoksu: davamlılıq və turizmdə sakit şəhərlər» mövzusunda təqdimat etdi. «Turizm yoxsullaşdırırmı» deyə sual edən mütəxəssis özü öz sualına cavab olaraq bildirdi ki, əgər bu sahə insanları zənginləşdirirsə, deməli, yoxsullaşdırır da: «Turizmin paradoksu budur. Türkiyədə belə bir hadisə ilk dəfə 1960-70-ci illərdə Alanyada müşahidə olunub. Turizm xərclərinin artmasına rəğmən, gəlir birdən-birə aşağı düşməyə başlayıb».
Turizm fəaliyyətinin bəzən ciddi fəsadlarla da nəticələndiyini deyən İrfan Arıkan qeyd etdi ki, turizm həvəskarları bir çox hallarda ekologiyaya ziyan vurur, eyni zamanda tarix-mədəniyyət abidələrinin məhvinə səbəb olurlar. Bəzən də çimərlik turizmi infrastrukturu qurulan zaman ağaclar kəsilir. Dünya turizmçiləri son illər bu məsələlərə daha çox önəm verirlər.
Mütəxəssis onu da qeyd etdi ki, son illər turizm fəaliyyəti ilə məşğul olan qurumlar «Turizmdə sakit şəhərlər»i müəyyənləşdirib. «Sakit şəhər» insanların velosipedlə, maşınla sərbəst hərəkət edə bildiyi, rahat alış-veriş etmək mümkün olan, ətrafı və küçələri tamamilə yaşıllıqlarla örtülmüş, səssiz-küysüz və s. şəhərlərə deyilir: «Hazırda dünyanın 26 ölkəsində 183 «sakit şəhər» var. Türkiyədə belə şəhərlərin sayı 9-dur. Azərbaycanda da belə bir şəhərin yaradılacağına inanıram, çünki buna kifayət qədər imkanlar var».
Toplantının digər qonağı - «Skal Marmara» klubunun prezidenti Zeynəb Yılmazın çıxışı da maraqla qarşılandı. Dünyanın bir çox ölkələrində olduğunu, amma Azərbaycanın ona Türkiyə qədər doğma təsir bağışladığını deyən klub prezidenti qeyd etdi ki, 10 ildir skal ailəsinin üzvüdür: «Bu illər ərzində mən çox şeylər öyrəndim. Demək istəyirəm ki, ətrafınızdakıları skal üzvü etməkdən çəkinməyin. Bu zaman görəcəksiniz ki, siz bir ailəsiniz».
«Skal Baku»nun keçmiş prezidenti, «Millennium Tourism and Congress» şirkətinin rəhbəri Ruslan Quliyev Azərbaycanda bu təşkilatın yaranmasında «Skal İnternational»a rəhbərlik edən türkiyəli mütəxəssis Hülya Aslantaşın yaxından köməklik göstərdiyini diqqətə çatdırdı.
Sonra tədbirin keçirildiyi məkan - «Park İnn» haqqında hotelin satış və marketinq meneceri Arzu Axundova təqdimatla çıxış etdi. Onun sözlərinə görə, hoteldə 248 nömrə var. Müxtəlif tutumlu konfrans zalları, fitnes mərkəzi, Azərbaycan və dünya mətbəxini təqdim edən restoranlar və s. qonaqların ixtiyarındadır.
Tədbir «Skal Baku» klubunun 2014-cü ildə son toplantısı olaraq təşkil edilən ziyafətlə yekunlaşdı.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar