Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) Prezident yanında Gənclər Fondunun və ölkəmizin Budapeştdəki səfirliyinin dəstəyi ilə noyabrın 21-22-də «Macarıstanda Azərbaycan turizm günləri» adlı tədbir keçirib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə macar deputatlar, Macarıstan, Azərbaycan və Mərkəzi Avropa ölkələrinin QHT nümayəndələri iştirak edib.
İlk tədbir Macarıstan parlamentində gerçəkləşib. MAGB-nin sədri İbrahim Səfərli birliyin həyata keçirdiyi layihələr, o cümlədən “Azərbaycan turizm günləri” barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev layihənin əhəmiyyətini, iki ölkə gəncləri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi son illər iki ölkə arasında əlaqələrin sürətli inkişafından məmnuniyyətini bildirib və bu kimi layihələrin həyata keçirilməsinin Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb.
Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qurumun dəstəyi ilə həyata keçirilən layihələr barədə danışıb.
Sonra Azərbaycanda turizmin inkişafı, gələn il keçiriləcək Avropa Oyunları ilə bağlı təqdimatlar olub. Ölkəmizə səfər etmək istəyən beynəlxalq iştirakçılara viza, immiqrasiya hüququ və Azərbaycana gəlişin hüquqi aspektləri barədə, eləcə də ölkə mehmanxanaları və turizm istiqamətləri barədə məlumat verilib.
Tədbirin ikinci günü Azərbaycanın Macarıstandakı səfirliyində ölkəmizə səfərlə bağlı e-viza sistemi, onun mahiyyəti və işləmə mexanizminə dair təqdimat keçirilib. Daha bir təqdimat ölkəmizdə səfərdə olmuş polşalı gəncin Azərbaycanla bağlı xoş təəssüratları ilə bağlı olub. Sonda iştirakçıların bir neçəsi təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılıb.
Fəxriyyə Abdullayeva