Azərbaycanın qərb bölgəsində turizmin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Son illər bölgədə bu məqsədlə bir sıra layihələr həyata keçirilib.

Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın Qasımovun sözlərinə görə, Böyük Qışlaq, Ağdam, Qaralar, Abdal kəndləri istiqamətində 4 turizm marşrutu müəyyənləşdirilib: «İndiyədək əsas problemimiz yolla bağlı idi. Artıq bu problem həllini tapıb. Bu marşrutların üzərində qədim tarixə malik mədəni abidələr yerləşir. Turistlərin abidələrə baxmaq üçün uzaq məsafəyə getməsinə ehtiyac yoxdur. Göytəpə qədim yaşayış məskəni İpək Yolu magistralının bir kilometrliyindədir. Burada açıq səma altında muzey təşkil olunacaq. Muzeyin tikintisinə gələn il başlanması nəzərdə tutulur”.
Şöbə müdiri qeyd etdi ki, rayonda 50-yə yaxın irili-xırdalı turizm obyekti var. Onlardan 5-i müasir standartlara tam cavab verir. Turistlərin istirahəti üçün yüksək şərait yaradılıb: «Şəhərin girəcəyində - Tovuz çayının sol sahilində yerləşən Olimpiya Kompleksi müasir tələblərə cavab verən idman və istirahət mərkəzidir. Komplekslə üzbəüz 10 hektar sahədə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı yaradılıb. Onu da qeyd edim ki, bu, ərazisinə görə respublikanın ən iri parklarından biridir».
Aydın Qasımovun sözlərinə görə, 2014-cü ilin ötən dövrü ərzində Tovuza 50 minə yaxın turist gəlib. Onların arasında əcnəbilər də olub: «Xarici turistləri istirahətdən daha çox rayon ərazisindəki qədim abidələr və yaşayış məskənləri maraqlandırır. Biz də onlara bu istiqamətdə yardımçı olur, qonaqlara mədəni irs və tariximiz barədə məlumat veririk».
Tovuzda fəaliyyət göstərən turizm obyektlərində 400-ə yaxın yerləşdirmə yeri var. 50 yerlik “Şam ağacı” mehmanxanası açılmaq üzrədir: “Artıq rayona gələn turistlər üçün yer problemi yoxdur. Kənd yaşıl turizmi inkişaf edib, gələn qonaqlar fərdi evlərdə də qalırlar».
Qeyd edək ki, rayonun zəngin tarixi abidələri mədəni turizmin inkişafı üçün geniş imkanlar açır. 62 daşınmaz tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır. Rayon mərkəzindən 12 km məsafədə, Kür çayının sağ sahilində yerləşən «Torpaqqala» qədim yaşayış yeri də turizm üçün maraqlı məkandır. Qovlar qəsəbəsi və İbrahimhacılı kəndində xarici turistlər üçün maraq kəsb edəcək şərab dequstasiyası zalları və konyak klubu var. Zəyəm dağ çayında turistlərin balıq tutması, su idmanı ilə məşğul olmaları, istirahəti üçün müasir obyektlərin yaradılmasına başlanılıb.
Aşağı Quşçu kəndi ərazisində, Bakı-Qazax magistral yolunun bir kilometrliyində eramızdan əvvəl VI minilliyə aid edilən «Göytəpə» yaşayış məskəni turistlərdə ölkəmizin tarixi barədə təsəvvür yaradan mühüm məkanlardandır. Vahidli kəndində Axıncı çayı üzərində XIX əsr memarlıq abidəsi olan «Sultan körpüsü», xüsusi coğrafi quruluşa malik «Qala düzü» ərazisi də maraqlı turizm obyektidir. Tovuz şəhərində 1923-cü ildə alman icması tərəfindən tikilib istifadəyə verilmiş şərab zavodu «Şərab yolu marşrutu» turizm layihəsinə daxil edilib. Yeni inşa olunmuş karvansara tipli «Qala», «Üç qala» kompleksi də turistlər üçün maraqlı məkandır.
Bu yaxınlarda rayonda aşkar edilən Cənubi Qafqazın Neolit dövrünə aid ən qədim yaşayış məskəni isə Tovuzu turistlər üçün daha maraqlı məkana çevirib. Hacı Ələmxanlı abidəsi e.ə. VII minilliyin sonlarına aid edilir. Sonradan sivilizasiyanın inkişafı və şəhər mədəniyyətinin yaranması bu ərazidəki qədim yaşayış məskənlərinin fonunda formalaşıb. 2012-ci ildən ərazidə Azərbaycan və Yaponiya arxeoloqları qazıntılar aparırlar.
Tovuzdakı Heydər Əliyev Mərkəzi, Tovuz Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Sənəti Dövlət Muzeyi, Rəsm Qalereyası eksponatlarla zəngindir. Rayonda hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Aşıq Sənəti Dövlət Muzeyi üçün yeni üçmərtəbəli bina tikilir.

Fəxriyyə Abdullayeva
 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar