Sloveniyanın turizm qurumlarının dəvəti, "A La Carte" travel» turizm şirkətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) dəstəyi ilə ölkəmizin turizm sektorunun bir qrup nümayəndəsi noyabrın 21-dən 28-dək Sloveniyada səfərdə olub.

Bu barədə qəzetimizə məlumat verən AZTA idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, səfərdə məqsəd Sloveniyanın turizm potensialı ilə tanışlıq, burada çox populyar olan müalicə turizmi və digər turizm istiqamətlərinin inkişaf perspektivləri haqqında məlumat almaq, Azərbaycanla turist mübadiləsinin təşkili imkanlarını öyrənmək idi: «Sloveniya əsrarəngiz təbiəti, termal müalicəvi su mənbələri ilə məşhurdur. Ölkədə turizmin tarixi o qədər də qədim olmasa da, il ərzində kifayət qədər yüksək sayda turist qəbul edir. Sloveniya-Azərbaycan turizm əlaqələri də yeni inkişaf etməyə başlayıb. Bakıdan Lyubyanaya birbaşa təyyarə reysi olmadığı üçün Sloveniyanın turizm qurumlarının nümayəndələri bizi Vyana (Avstriya) hava limanında qarşıladılar. Oradan avtobusla Sloveniyaya yola düşdük. İlk yerləşdiyimiz məkan isə «Term 3000» adlı kurort mərkəzi oldu. Oradakı «Termalium» sağlamlıq mərkəzi və qolf meydançası ilə tanış olduq. Sonrakı gün Sloveniyanın ikinci böyük şəhəri olan Maribora yollandıq. Bir məqamı diqqətinizə çatdırım ki, Mariborda dünyanın ən qədim üzüm tənəkləri var və bu, “Ginnesin rekordlar kitabı»na düşüb. Oradakı şərab muzeyində Sloveniya şərablarının dequstasiyası keçirildi. Səfərimizin üçüncü günü məşhur «Roqaşka» sağlamlıq və müalicə mərkəzinə gəldik. Bu mərkəz dünyada müalicəvi suları və termal hovuzları ilə tanınır».
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Sloveniyanın dağ turizmi imkanları ilə də yaxından tanış olub, fikir mübadiləsi aparılıb. Nümayəndə heyətində yer alan «Şahdağ» turizm kompleksinin əməkdaşı Səbinə Mehdiyeva qış turizminin Azərbaycanda son illər sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və sloveniyalı həmkarlarına ölkəmizdə fəaliyyətə başlayan dağ-xizək turizm mərkəzləri barədə məlumat verib.
Azərbaycanın turizm təmsilçiləri Sloveniyanın Kraniska Qora və Kamnik şəhərlərinin merləri və «Sava» hotellər şəbəkəsinin rəhbəri ilə də görüşüblər. Hər iki görüşdə iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. Noyabrın 25-də İtaliya ilə sərhəddə yerləşən Novo Qoritsa şəhərinə gələn nümayəndə heyəti burada Azərbaycan və Sloveniya xalqlarının qəhrəmanı Mixaylonun - Mehdi Hüseynzadənin qəbrini ziyarət edib, əfsanəvi partizana həsr olunmuş muzeylə tanış olub.
Səfərin son günündə Sloveniyanın paytaxtı Lyublyana şəhərində hər iki ölkənin turizm təmsilçiləri arasında geniş tərkibdə görüş keçirilib. “Sonda o qənaətə gəldik ki, Azərbaycan və Sloveniya xalqlarını birləşdirən oxşar cəhətlər çoxdur, hər iki ölkə geniş turizm imkanlarına malikdir və bundan səmərəli istifadə etmək lazımdır», - deyə M.Ağakərimov bildirdi.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar