Qış mövsümünün əsas istirahət məkanı “Şahdağ” kompleksidir
Son vaxtlar azərbaycanlı turistlər ABŞ-da və Asiya ölkələrində istirahətə daha çox üstünlük verirlər. Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin (AZTA) sədri Nahid Bağırovun sözlərinə görə, Amerikaya maraq sentyabrda «Azərbaycan Hava Yolları»nın Bakı-Nyu York birbaşa aviareysinin açılmasından sonra daha da artıb. Asiya ölkələrinə gəlincə, azərbaycanlı turistlər əsasən Sinqapur, Tailand və Malayziyaya üstünlük verirlər: «Əvvəllər insanlarda uzaq ölkələrə getmək həvəsi yox idi, indi isə tələbatın artmasına, məsələn, «Qatar Airways» kimi aviaşirkətlərin yaxşı tranzit və birləşdirici reysləri yardım edir».
Dünya Turizm Təşkilatının hesabatına görə, Asiya-Sakit okean regionu sürətlə inkişaf edən turizm istiqamətlərindən biridir. 2014-cü ilin yanvar-avqust aylarında bu regiona beynəlxalq səfərlər 5 faiz artıb. Bununla belə, AZTA rəhbəri deyir ki, azərbaycanlı turistlər arasında populyarlığına görə birincilik yenə də Türkiyə və Dubaya məxsusdur, daha sonra Avropa ölkələri gəlir.
Həmsöhbətimiz son vaxtlar daxili turizmə tələbatın artdığını da diqqətə çatdırdı: «Regionlarda hotellərin sayı artır, xidmət səviyyəsi yüksəlir, istirahət mərkəzlərimiz şou-proqramlara daha böyük diqqət ayırırlar. Bütün bunlar yerli turizmə tələbatın artmasına gətirib çıxarır. Azərbaycanda istirahət üçün populyar olan regionlar çoxdur. Xüsusilə qış mövsümündə Qusar və Qəbələ rayonları turistlərin sayına görə üstünlük təşkil edir. Artıq Yeni illə bağlı «Şahdağ»dakı hotellərdə boş yer demək olar ki, yoxdur. Çünki «Şahdağ» təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda müasir infrastrukturuna və xidmətinə görə populyar dağ-xizək mərkəzidir. Eləcə də Qəbələdəki “Tufandağ” komplekslərində istirahət etmək istəyənlərin sayı çoxdur.
Fəxriyyə Abdullayeva