Qış mövsümündə xaricə səyahətə çıxan azərbaycanlı turistlər arasında həmişə olduğu kimi, ən populyar istiqamət Dubay və Türkiyədir. Bunu qəzetimizə açıqlamasında «İnturist Travel» turizm şirkətinin icraçı direktoru Lətifə Əliyeva bildirdi.
Onun sözlərinə görə, Yeni il bayramı günlərində Avropa ölkələri və Tailandla maraqlananlar da çoxdur: «Azərbaycan vətəndaşları arasında Türkiyə populyar istiqamətdir. Bu ölkədə «Uludağ» dağ-xizək turizm mərkəzində istirahət populyardır. Qış mövsümündə Çexiyaya və Gürcüstana da (Bakuriani) sifarişlərimiz olur».
Lətifə Əliyeva qeyd etdi ki, bununla bərabər, Azərbaycanın dağ-xizək turizm mərkəzlərinə ötən illərdən fərqli olaraq bu il daha böyük tələbat var. Hətta ötən illərdə Bakurianidə istirahət etməyə üstünlük verən vətəndaşlarımızın əksəriyyəti bu il «Şahdağ»ı və «Tufandağ»ı seçirlər. Qəbələdəki hotellərdə isə demək olar ki, boş yer yoxdur.
İcraçı direktor deyir ki, Yeni il turpaketləri ilə əlaqədar bir neçə ay əvvəl canlanma müşahidə olunurdu: «Müştəri vaxtından əvvəl turpaket almaqla müəyyən məbləğə qənaət etmiş olur. Lakin hazırda qiymətlər olduqca loyaldır və hər bir turist üçün onun büdcəsi üzrə turpaket əldə etmək mümkündür. Azərbaycanın dağ-xizək istirahət mərkəzləri olan «Şahdağ» və «Tufandağ»a böyük tələbat olsa da, orada hələ yer tapmaq olar. Çünki bu komplekslərdə qış mövsümü hələ başlamayıb, bizə verilən bilgiyə görə, dekabrın 21-dən rəsmən start veriləcək. Amma artıq bir neçə 60-70 nəfərlik qrupumuz hazırdır».
Lətifə Əliyeva onu da bildirdi ki, Azərbaycanın dağ-xizək kurortlarına turların orta hesabla qiyməti istirahətin davamlılığından və hoteldən asılı olaraq dəyişir.

 
Fəxriyyə Abdullayeva