«Azərbaycan Dəmir Yolları» QSC 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı-Tbilisi marşrutu üzrə turist qatarı yola salacaq. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, bayramlarla bağlı 5 gün qeyri-iş günü olacaq. Bu günlərdə Gürcüstan istiqamətində böyük sərnişin axını gözlənilir və bunun üçün turist qatarının yola salınmasına hazırlıq görülür: «Hazırda turizm şirkətlərindən müraciətlər qəbul edirik. Qatarın yola salınması və gəlməsi üzrə yekun qərar bu müraciətlərin əsasında qəbul ediləcək».
Onun sözlərinə görə, tələbatdan asılı olaraq Bakıdan Tbilisiyə qatar dekabrın 29-da, yaxud 30-da göndərilə bilər. Tbilisidən Bakıya qatar yanvarın 1-də və ya 2-də yola düşəcək.
N.Əzməmmədov onu da bildirib ki, bayram günlərində sərnişinlərin böyük axını nəzərə alınaraq bütün daxili reyslərdə qatarlara əlavə vaqonlar qoşulacaq: «Sərnişinlərin sayından asılı olaraq bütün qatarlara ümumilikdə 320-yə qədər əlavə vaqon qoşmağı nəzərdə tuturuq».
Onun sözlərinə görə, Yeni il bayramı günlərində QSC gücləndirilmiş iş rejiminə, dəmiryol vağzalı və stansiyalar isə növbəli iş rejiminə keçəcək: «Bu həm sərnişin qatarlarına, həm də yük qatarlarına aiddir».
Fəxriyyə Abdullayeva