2015-ci ildə keçiriləcək Avropa Oyunları ilə əlaqədar mart və aprel aylarında Bakıda və Mingəçevirdə fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün kurslar təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin sözlərinə görə, kurslar 1 həftə-10 gün müddətində reallaşdırılacaq.
Həmsöhbətim bildirdi ki, Azərbaycanın və Türkiyənin mədəniyyət və turizm nazirliklərinin əməkdaşlığı çərçivəsində il ərzində ölkəmizin müxtəlif bölgələrində 3 dəfə belə kurslar təşkil edilib və ümumilikdə 460 mehmanxana əməkdaşı treninqlərin iştirakçısı olub: «May ayında şimal-qərb regionunda yerləşən mehmanxana əməkdaşları üçün İsmayıllıda, iyunda şimal bölgəsi üzrə Xaçmazda kurslar keçirilib. Noyabrda isə «Şahdağ» turizm kompleksindəki mehmanxanaların əməkdaşları üçün təşkil edildi”.
Qeyd edək ki, kurslar 5 istiqamət - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadimə işi, masa xidməti və yeməklərin hazırlanması-mətbəxdə qida gigiyenası ixtisasları üzrə aparılır. Dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.

Fəxriyyə Abdullayeva