Ölkəmizdə turizm xidmətinin keyfiyyətinin artırılması, Bakı şəhərində yerli və xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də "Şəhər turu" layihəsidir.

Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin balansında olan 3 ədəd MAN “Gülərüz Kobra” markalı ikimərtəbəli üstüaçıq 70 nəfərlik (20 yer birinci mərtəbədə və 50 yer ikinci mərtəbədə) avtobusları "City Sightseeing Baku" şirkətinin istifadəsinə vermişdir. 2014-cü ilin 3-5 aprel tarixlərində "AİTF" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Expo Mərkəzində "Şəhər turu" layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Dünyanın 33 ölkəsinin 104 şəhərində fəaliyyət göstərən "City Sightseeing Worldwide" şirkətinin rəhbərliyi də bu tədbirdə iştirak etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi təkliflər əsasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Şəhər turu"nun marşrut xətti və dayanacaqları təsdiq edilmişdir. Sözügedən marşruta əsasən 15 dayanacaq nöqtəsi yaradılmışdır: Azadlıq meydanı; Heydər Əliyev Mərkəzi; Müasir İncəsənət Muzeyi; Qız qalası; "Four Seasons" mehmanxanası, "İçərişəhər" metro stansiyası; “Alov qüllələri”; Dağüstü park; "Bəhram Gur" heykəli; Azərbaycan Dövlət Bayrağı Meydanı; "Panorama" əyləncə çarxı; "Azneft" meydanı; Kukla Teatrı; Muzey Mərkəzi; "Yeddi gözəl" fəvvarəsi.
Hər bir nöqtədə quraşdırılmış dayanacaq lövhəsində dayanacağın nömrəsi və avtobuslar arasında olan zaman intervalı qeyd edilmişdir.
Bütün bunlarla yanaşı, turistlərə və qonaqlara göstərilən xidmətin daha da yüksəldilməsi məqsədilə mehmanxanalar tərəfindən qabaqcadan məlumatlandırılan avtobuslar “Abşeron Marriott” hotelinin qonaqlarını götürmək üçün Dəniz limanının qarşısında, “Fairmont” hotelinin qonaqları üçün “Alov qüllələri” binasının önündə, habelə “Riviera” hotelinin qonaqları üçün hotelin aşağı yolunda qısa dayanacaqlar edirlər.
"Şəhər turu" marşrutunun uzunluğu 23 km, turun müddəti isə 1 saat 30 dəqiqə təşkil edir. "Şəhər turu"ndan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audioqid sistemindən istifadə edərək hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilir.
Bundan başqa, "Şəhər turu" marşrutunda istifadəçilərə xidmət səviyyəsinin daha da genişləndirilməsi məqsədilə hər 3 avtobusda yüksək sürətli ödənişsiz simsiz internet quraşdırılmışdır. Bu isə "Şəhər turu"nda iştirak edən hər bir şəxsə ekskursiya zamanı çəkdikləri fotoşəkilləri və videofaylları sosial şəbəkələrdə paylaşmaq imkanı yaradır.
Hər bir turist "Şəhər tur"larında iştirak etmək üçün biletləri avtobusların daxilində, Bakı Turizm İnformasiya Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyov küç. 36) yaradılmış bilet satışı məntəqəsində əldə edə bilər.
Bundan başqa, turistlərin və Bakıya gələn qonaqların rahatçılığı üçün Bakı şəhərində fəaliyyət göstərən bir sıra mehmanxanalarda (“Fairmont”, “Four Seasons”, “Park İnn”, “Riviera”, “Grand”, “Gəncəli” və s.) bilet satışları həyata keçirilir.
Onlayn satış üzrə liderlərdən olan "BeSmart" və "Bonuslar" şirkətləri ilə birgə bir sıra müxtəlif endirim kampaniyaları da keçirilmişdir.
Fəaliyyətə başladığı dövrdən təxminən 16 min yerli və xarici qonağa (bundan 7 min nəfər əcnəbilərdir) xidmət göstərilmişdir.
Günbəgün gözəlləşən və inkişaf edən Bakımızın yerli və xarici qonaqlarını "Şəhər turu"ndan istifadə etməyə dəvət edirik.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar