İl ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçərək ulduz dərəcəsi alıb

Ölkəmizdə mehmanxana sənayesinin inkişaf tendensiyası xidmət sahəsinə də müsbət təsirini göstərir. Hər il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri və respublikamızın turizm potensiallı regionlarında mehmanxana sənayesi işçiləri üçün Türkiyədən dəvət edilmiş ekspertlər tərəfindən təlimlər keçirilir.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə nazirlik tərəfindən təsnifat aparılır. Bu proses Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014"ə uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına əsasən həyata keçirilir.
Hazırda müvafiq qanunvericiliyə əsasən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sahibkarların müraciətləri əsasında könüllü surətdə aparılır.
Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş planşet vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
2014-cü il ərzində 42 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçib və müvafiq ulduz dərəcələri alıb. Hazırda ölkədə ulduz dərəcəsi olan 79 mehmanxana var. Onların 56-sı Bakıda, 23-ü isə digər şəhər və rayonlarda fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 23-ü 5 ulduz, 41-i 4, 12-i 3, 3-ü isə 2 ulduz kateqoriyasına uyğundur.
2015-ci ildə paytaxtımızda keçiriləcək I Avropa Oyunları ilə bağlı ilk növbədə Bakı və Mingəçevir şəhərlərində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı sürətləndirilərək belə obyektlərin sayı artırılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar