Başa çatmaqda olan ilin turizm statistikası bir sıra göstəricilər üzrə artımın olduğunu göstərir. Bu il ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrinin sayı 10,5% artaraq 276-ya çatıb. Keçən illə müqayisədə turizm şirkətlərində işçilərin sayında, məhsulun və xidmətlərin satışından əldə olunan gəlir və turizm agentliklərinin komisyon və digər mükafatlarının məbləğində də artım baş verib.
2011-2014-cü illər ərzində ölkə ərazisində yerləşdirmə obyektlərinin sayı 508-dən 527-dək artıb. Statistik göstəricilər cari il ərzində yerləşdirmə obyektlərindəki yerlərin sayında 6%, otaqların sayında 7%, yerləşdirmə vasitələrində çalışanların sayında isə 5,8% artığını göstərir.
Respublika üzrə yerləşdirilmiş şəxslərin 80%-i ölkəmizə turizm məqsədilə gələnlərdir. 2008-2014-cü illər ərzində mehmanxana və bu tipli obyektlərdə qalmağa üstünlük verən xarici vətəndaşlar arasında Böyük Britaniya, Türkiyə, Rusiya və İran vətəndaşları üstünlük təşkil edib. Bu illər ərzində sözügedən ölkələrdən Azərbaycana gələnlər arasında işgüzar turistlərin xüsusi çəkisi vardır. Konkret olaraq 2014-cü ildə bu 4 ölkədən Azərbaycana işgüzar məqsədli səfər edənlərin sayı işgüzar turistlərin ümumi sayının 25%-ni təşkil edir.
Turizm sahəsində çalışan işçilərin sayını 2 kateqoriya üzrə qiymətləndirsək, hər bir kateqoriyada artımın olduğunu müşahidə edə bilərik. Turizm sahəsində çalışanların sayı (turizm şirkətləri və yerləşdirmə vasitələri üzrə) 2009-2014-cü illər ərzində 7330-dan 9874-ə çatıb. Turizm sahəsində çalışan işçilərin sayı keçən illə müqayisədə 3% artıb.
Keçən illə müqayisədə Fransa, İspaniya, İtaliya, Norveç, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Almaniya, Belçika və bir sıra digər Avropa və dünya ölkələrindən gələnlərin sayında artım müşahidə edilib. Bununla belə, ölkəmizə gələn Rusiya, Ukrayna və İran vətəndaşlarının sayında məlum səbəblərə görə (Rusiyada rublun məzənnəsinin düşməsi və iqtisadi böhran, Ukraynada qeyri-stabil siyasi vəziyyət və İranda sosial-iqtisadi vəziyyətin gərginliyi) nisbi azalmanın olması faktına əsaslanaraq 2014-cü il ərzində Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında azalmanın müşahidə ediləcəyini güman etmək olar.
Lakin 2015-ci ildə ölkəyə gələcək turist sayında artımın olacağı proqnozlaşdırıla bilər. Buna əsas səbəb ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsidir.
Dünya Səyahət və Turizm Şurasının (WTTC) qiymətləndirməsinə görə, cari il ərzində ÜDM-də turizmin birbaşa çəkisi 1,3 milyard manat, ümumi çəkisi isə 4,9 milyard manat olub ki, bu da öz növbəsində göstəricilərin müvafiq olaraq 2,4% və 8,8%-ni təşkil edir.