Quba Turizm İnformasiya Mərkəzinin yeni saytı (www.guba.travel) fəaliyyətə başlayıb. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin qəzetimizə verdiyi məlumata görə, saytdan Quba və Azərbaycanın şimal bölgəsində yerləşən digər rayonların turizm potensialı, hotellər, istirahət mərkəzləri haqqında ətraflı məlumat əldə etmək olar.
«Qubaya səfər etmək üçün 10 səbəb» bölümündə rayon haqqında istənilən məlumatı əldə etmək olar. Zəngin faunaya malik olan rayonda heyvan və balıq ovu üçün yaxşı imkanlar var. Rayon özünün məşhur alma bağları ilə tanınır. Qubada xalçaçılıq mərkəzi fəaliyyət göstərir. Burada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycanın ən məşhur xalçalarındandır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu-Yorkdakı «Metropoliten» muzeyində saxlanılır.
Rayon ərazisində 140-dan çox tarix-memarlıq, o cümlədən 70 təbiət abidəsi var. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerlilər təbiət möcüzəsi deyir. Bu sırada «Gəlin qayası», «Qızıl qaya», «Gülcahan daşı», «Xan bulağı», «Daş gəlinlər», «Ağacda ev», «Xaltan suyu» və s. təbiət abidələrini göstərmək olar. Ərazidəki 60-dan yuxarı arxeoloji abidənin böyük hissəsi IV-XVII əsrlərə aiddir. Saytdakı bütün məlumatlar fotolarla birlikdə yerləşdirilib.
Qeyd edək ki, yerli və xarici turistlərin məlumatlandırılması məqsədilə Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında yaradılan, sonradan Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildən Xaçmaz rayonunda fəaliyyət göstərir. Bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir. Yaxın vaxtlarda İsmayıllı, Bərdə və Qəbələdə daha üç mərkəzin açılması planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bölgələrdəki digər turizm informasiya mərkəzlərinin də saytları hazırlanır və yaxın vaxtlarda istifadəyə veriləcək. Hər bir rayonun saytı azerbaijan.travel saytının əsasında hazırlanır.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar