35 illik yubileyini qeyd edən sərgi çərçivəsində silsilə tədbirlər keçiriləcək
Yanvarın 28-dən fevralın 1-dək İspaniyanın paytaxtı Madriddə FİTUR beynəlxalq turizm sərgisi təşkil olunacaq. Bu il 35 illiyini qeyd edən sərgi çərçivəsində Dünya Turizm Təşkilatının (DTT) silsilə tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Sərginin birinci günündə DTT-nin XI «Mükəmməllik və yenilik» mükafatının təqdimat mərasimi olacaq. Bundan əlavə, DTT-nin birinci alış-veriş turizm konfransı, qoşulmuş üzvlər şurasının 39-cu iclası, Afrika üzrə VI turizm investisiya və biznes forumu, Afrika və Orta Şərq ölkələrinin turizm nazirlərinin görüşü və digər tədbirlər keçiriləcək.
Turizm sektorunda davamlı tələbat və istehsal məsələlərinə dair milli və beynəlxalq təşəbbüsləri əhatə edən «FİTUR GREEN 2015» nəşri yanvarın 28-dən 30-dək dəyirmi masa, təqdimat və seminarlar formatında təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan da FİTUR beynəlxalq turizm sərgisində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Sərgidə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, sektorun baş məsləhətçisi Leyla Verdiyeva, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı, ölkəmizdə fəaliyyət göstərən «Regea Travel», «Atropaten Travel», «Delta Qroup Travel» «Geo Travel», «İmprotex Travel», «ENC Travel», «Qalleriy Hotel»in nümayəndələri iştirak edəcəklər. Sərgidə Azərbaycan haqqında ingilis və ispan dillərində hazırlanmış reklam çap məhsulları ziyarətçilərə təqdim ediləcək.
Fəxriyyə Abdullayeva