Dubay ticarət festivalı bu il də dünya turistlərini cəlb edir
Yanvarın 1-dən başlayan ənənəvi Dubay ticarət festivalı «20 il səyahət - bayramdan bayrama» şüarı altında keçirilir.
Bu il 20-ci dəfə təşkil olunan festival fevralın 1-dək davam edəcək. Festival çərçivəsində müxtəlif əyləncəli tədbirlər, alış-veriş, uduşlu oyunlar kampaniyası keçirilir.
Builki festivalın əsas özəlliklərindən biri daha çox ziyarətçi cəlb etmək məqsədilə tədbirlərin təkcə alış-veriş mərkəzlərində deyil, ictimai məkanlarda, şəhərin əsas küçə və meydanlarında, parklarda keçirilməsidir. Hər il olduğu kimi, bu il də festival böyük turist marağı doğurub.
«Era Style» turizm şirkətindən verilən xəbərə görə, ticarət festivalı çərçivəsində yanvarın 2-dən 10-dək Dubayın mərkəzindəki Şeyx Rəşid zalında keçirilən “Mamma Mia” müzikli ən çox tamaşaçı toplayan tədbirlər sırasındadır. Qeyd edək ki, bu müzikli indiyədək dünyada 54 milyon tamaşaçı izləyib.
Festivalın daha bir mədəni tədbiri yanvarın 15-dən 17-dək “Madinat arena”nın səhnəsində Monte Karlo truppasının ifasında təqdim olunacaq «Romeo və Cülyetta» baletidir. Tanınmış amerikalı aktrisa və dizayner Niklo Riçi isə yanvarın 10-dan 21-dək özünün «House of Harlow 1090» adlı zərgərlik kolleksiyasını Madonna və Eşli Simpson kimi məşhurlarla təqdim edəcək.
Dubay dünyanın ən məşhur alış-veriş məkanıdır. Yubiley festivalında 70 ticarət mərkəzi, 600 mağaza iştirak edir. Təklif edilən bütün mallara 75 faizədək endirim tətbiq edilir.
Fəxriyyə Abdullayeva