(Əvvəli qəzetin 7 və 9 yanvar saylarında)
Turistlərin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur
Şarm Əl-Şeyxə səfərimiz zamanı o da bəlli oldu ki, şəhərin təhlükəsizliyi ciddi şəkildə qorunur. Bu barədə bizə şəhərin təhlükəsizliyinin idarə edilməsi mərkəzində keçirilən görüşdə məlumat verdilər.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin də iştirak etdiyi görüşdə bildirildi ki, Cənubi Sinay əyalətində ümumilikdə 16 təftiş məntəqəsi var və bu məntəqələr əyalətin Ayn Musa regionu və Taba şəhəri arasında hər 40 kilometrdən bir yerləşir. Məntəqələr əyalətdə təhlükəsizliyi təmin etmək üçün bütün lazımi avadanlıqla təchiz olunub. Şarm Əl-Şeyxdəki bütün obyektlər daxil olmaqla, şəhərin girişi də daim təhlükəsizlik nəzarəti altındadır.
Bildirildi ki, əyalətin 600 km-i dəniz sahilindədir. Şəhərə iki giriş var. Müşahidə kameralarında qeydə alınan bütün çəkilişlər 6 ay yaddaşda qalır. Bir sözlə, şəhərin təhlükəsizliyini qorumaq üçün bütün vasitələrdən, mövcud imkanlardan istifadə olunur.
Bu barədə ətraflı məlumat aldıqdan sonra mərkəzin əməliyyat otağında xüsusi monitorlar vasitəsilə şəhərin təhlükəsizliyinə necə nəzarət olunduğunu yaxından izlədik. Onu da qeyd edim ki, azərbaycanlı jurnalistlər bu mərkəzin fəaliyyəti və əməliyyat otağı ilə tanışlıq imkanı qazanan ilk media nümayəndələri idi. Mərkəzlə tanışlıq turizm mərkəzində təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyinin şahidi olduq.
Əyləncə və mənalı istirahət
Görüşdən sonra Şarm Əl-Şeyxin bir sıra görməli yerlərinə baş çəkdik, turistlərin daha yaxşı əylənmələrinə, maraqlı vaxt keçirmələrinə imkan verən bir sıra məkanlarla da yaxından tanış olduq.
Əvvəlcə deyim ki, şəhər küçə boyu çoxlu əyləncə mərkəzləri ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, turistlər buranı “Uğurlu torpaq” və ya “Xoşbəxt məkan” adlandırırlar. Qırmızı dənizlə Aralıq dənizinin qovuşduğu yerdə qərar tutması Şarm Əl-Şeyxin havasını (iqlimini) bol oksigenlə təmin edir. Günəş isə daim şəfəq saçır. İstirahət üçün bütün imkanlar yaradılıb: bilyard, boulinq, uşaq attraksionları, mağazalar və s.
“1001 gecə” əyləncə məkanında isə Misirin klassik rəqsləri nümayiş etdirilir. Dünya mətbəx nümunələrini təklif edən restoranlar da maraqlı tərtibatına görə fərqlənir. Məsələn, “Titanik” formasında gəmi-restoranlar, Şərq üslubunda “Sindibad” restoranları, müxtəlif dəniz məhsullarını təqdim edən restoranlar diqqəti cəlb edir. Avropa üslublu yüksək dərəcəli klassik restoranlarda isə həm də məşhur kino incilərindən zövq almaq imkanı var. Hotellərin memarlıq həllində daha çox dəbdəbə üstünlük təşkil edir. Xidmət isə yüksək səviyyədədir. Kiçik yaşdan 12 yaşadək uşaqların əylənməsi üçün nəzərdə tutulan akvaparklar fəaliyyət göstərir. Təmizliyə ciddi qaydada riayət olunur. Hər yerdə sürətli və keyfiyyətli xidmətlə rastlaşırsan. Turistlərin istəyindən asılı olaraq çay və qəhvələrin ən müxtəlif növləri təqdim olunur.
Şarm Əl-Şeyxin gecə klubları, diskotekaları buraya gələn turistlərə istirahət seçimi imkanı yaradır. Ümumiyyətlə, bu turist məkanının gecə həyatı diskotekalar, gecə klubları, şou nümayişləri ilə məşhurdur. Ticarət mərkəzləri gecəyarısına qədər işləyir. Şarm Əl-Şeyxin “Qədim şəhər” hissəsində Şərq bazarı fəaliyyət göstərir ki, burada da əl işləri, yaylıqlar, Qədim Misiri təsvir edən suvenirlər və s. satılır. Şəhərdə hündür və hətta çoxmərtəbəli binalara rast gəlmək mümkün deyil. Sakinlər turizm məkanından bir qədər kənarda, yanaşı tikilmiş ikimərtəbəli villaya bənzər binalarda yaşayırlar. Onların məşğuliyyətini isə turizm sektoru təşkil edir.
Xüsusi olaraq qeyd etmək istərdim ki, yerli əhali turistlərə münasibətdə olduqca xeyirxahdırlar. Şəhər həm də tolerantlıq nümunəsi kimi təqdim oluna bilər: burada həm məscid, həm də kilsələr fəaliyyət göstərir.
Şarm Əl-Şeyxdə ilin bütün fəsillərində dincəlmək mümkündür. Havanın temperaturu hətta qışda müsbət 30 dərəcə olur. Qızıl qumlu sahilləri olan çimərliklər isə turistlərin ən çox üz tutduqları məkanlardandır. Suyun temperaturu isə hətta qış fəslində belə müsbət 20-22 dərəcədir. Şəhərdə müxtəlif ölkələrdən turistlərə rast gəlmək mümkündür.
Şarm Əl-Şeyx paytaxt Qahirənin bir sıra qədim mədəni irs nümunələrini də özündə modelləşdirə bilib. Məsələn, şəhərdəki muzey Qahirə Milli Muzeyinin əksidir, eksponatlar da Qahirədəki eksponatların oxşarıdır. Burada tərtibata, eksponatların təqdimatına o qədər peşəkarlıqla əməl olunub ki, demək olar ki, Qahirə Milli Muzeyindən heç də fərqlənmir. Muzey Misirin quldarlıq dövrünü təqdim edir. İçəridəki eksponatlardan fərqli olaraq, muzeyin qarşısında bitən, vaxtilə qədim misirlilərin yazı yazmaq üçün istifadə etdikləri papirus ağacı isə canlıdır. Qahirənin tarixi ünvanlarını xatırladan daha bir məkan məşhur “Xan Xəlil bazarı”dır.
Qırmızı dənizdəki məşhur tarixi mayak isə şəhərin özünəməxsus tarixi abidəsi kimi qorunub-saxlanılır. Texnikanın inkişaf etmədiyi dövrdə mayak gəmilərə istiqamət verən əsas vasitə olub. Ondan bir qədər aşağıda, dənizin sahilində 2004-cü ildə burada qəzaya uğramış əcnəbi təyyarədə həlak olanların xatirəsinə abidə ucaldılıb. Abidənin ətrafı daim göyərçinlərlə doludur.
Səfərimiz zamanı Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin istirahət etdiyi və rəsmi qonaqlarını qəbul etdiyi məkanla da tanış olmaq imkanı əldə etdik. Buradan boulinq oynanılan mərkəzə getdiyimiz yolda çoxlu villalar var. Bu villalarda hazırda yaşayış yoxdur.
Misir “Hollivud”u
Şarm Əl-Şeyxdə turistlərin üz tutduqları məşhur məkanlardan biri də “Hollivud”dur. Şəhərin bu hissəsində demək olar ki, Misirin bütün koloritini görmək mümkündür. Çoxlu təqdimatlar, musiqi, rəqs. Gün batandan sonra məkan daha əsrarəngiz görünür: klassik musiqinin sədaları altında fəvvarələrdəki rəngarəng su şousunun meydana gətirdiyi mənzərə xüsusi təəssürat yaradır. Bir sözlə, rəng və musiqinin yaratdığı bu harmoniya insanı sanki ovsunlayır. Dinozavr fiqurlarının olduğu “Animasiya parkı” isə məkana fərqli bir rəng qatır.
“Hollivud”da axşam saatlarında xüsusilə qələbəlik yaşanır. Mağazalar açıq olduğundan bütün gecəni alış-veriş də etmək mümkündür. Dekabrın 24-də isə bu məkan həm də Milad bayramının sevincinə bürünmüşdü. Səhnədə göstərilən rəqslər, Misirin özünəməxsus muğam ifaları, mahnılar buraya toplaşan insanlarda gözəl əhval yaradırdı və özünü sanki fantastik atmosferdə hiss edirsən. Bütün gecəni xüsusi Yeni il şouları nümayiş etdirildi. Əlbəttə, qışın oğlan çağında mülayim iqlimli məkanda, açıq havada Milad bayramını qeyd etmək xüsusilə zövqvericidir. “Hollivud”da müxtəlif əşyalar satılan dükanlar, fəvvarələr də diqqət çəkir.
Şarm Əl-Şeyxin gözəlliklərinin şahidi olduqdan, zəngin turist proqramlarında iştirak etdikdən sonra buradan ayrılmaq, doğrudan da, çətindir. Bir-birindən maraqlı məqamları, əsrarəngiz turizm məkanlarını gördükcə, sanki onu yenidən kəşf edirsən. Şarm Əl-Şeyxdə turistlər zəngin Şərq qonaqpərvərliyi ilə qarşılanır və bu onları bütün istirahət boyu müşayiət edir. İlk gün görüşdüyümüz turistlər deyirdi ki, Şarm Əl-Şeyxdə vaxtın necə sürətlə keçdiyinin fərqində olmursan. Və biz də oxşar hissləri keçirdik. Beləcə, bizim də 4 günlük səfərimiz bir göz qırpımında gəlib keçdi. Şəhəri tərk edərkən hər kəsin arzuladığı da bu idi: Şarm Əl-Şeyxə bir də gəlmək...
Mehparə Sultanova,
Bakı-İstanbul-Qahirə-Şarm Əl-Şeyx-Bakı