Azərbaycan Turizm Assosiasiyası (AZTA) 2015-ci il aprelin 1-dən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ödənişsiz aylıq ekskursiya-bələdçi kursları təşkil edəcək. Kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər Azərbaycan Turizm Assosiasiyası ilə müqavilə əsasında işlə təmin olunacaqlar.

Kurslara 20-30 yaşlarında müxtəlif xarici dilləri (alman, ingilis, fransız, italyan, ispan, yapon, türk, polyak, macar, ərəb, fars, Koreya, çex) bilən gənc qız və oğlanlar dəvət olunur. Hər qrup 20 nəfərdən ibarətdir və dərslər Azərbaycan və rus dillərində keçiriləcək.
AZTA idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov Azərbaycan Turizm və Menecment Universitetində bu tipli kursların artıq bir neçə ildir təşkil olunduğunu və 50-dək bələdçinin hazırlandığını diqqətə çatdırdı. Həmsöhbətimiz qeyd etdi ki, AZTA-nın nəzdində ekskursiya metodik büro da yaradılacaq. Bunu zəruri edən səbəblərdən danışan mütəxəssisin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən bələdçilərin təqdim etdikləri mətnlərin dəqiq metodik üsulu işlənib hazırlanmayıb: «Bu mətnlər Milli Elmlər Akademiyasının müvafiq institutları tərəfindən təsdiq olunmalıdır. Bununla bağlı müəyyən boşluq var və ekskursiya metodik büronu yaratmaqla bu boşluğu doldurmaq istəyirik. Mətnlərdə marşrutlar və onların əhatə etdiyi ərazilərlə bağlı tarixi faktlar əksini tapmalıdır. Mən 10 ildən yuxarı müddətdə ekskursiya bələdçisi işləmişəm. Azərbaycanın müxtəlif bölgələrini əhatə edən ekskursiya mətnləri hazırlamışam və bu mətnlər metodik şurada təsdiq olunub. Ona görə də ekskursiya mətninin məzmunu dəqiq elmi əsaslarla hazırlanmalıdır. Ekskursiya bələdçisi mətnin təqdimat formasını dəyişə bilər, amma məzmununu yox”.
Müzəffər Ağakərimov bildirdi ki, informasiyalar hər gün yeniləşir. Bakı və respublikamızın regionları günü-gündən inkişaf edir. Bununla bağlı məlumatlar da mətnlərdə əks olunmalıdır: “Turizmin dörd əsas komponentindən biri ekskursiya bələdçisidir. Bələdçilər Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını, şəhərsalmasını, daxili və xarici siyasətini, xalqımızın ideologiyasını dəqiq bilməlidir. Bizim də əsas məqsədimiz odur ki, bələdçilər turistlərə respublikamızı yüksək səviyyədə təqdim etsinlər. Bunun üçün bələdçilərin dil bilgiləri də yüksək səviyyədə olmalıdır”.
Mütəxəssisin fikrincə, bələdçilərin dərəcələri olmalıdır: “Dünən işə başlayan bələdçi ilə uzun illər bu sahədə çalışanların məlumatlılıq dərəcəsi, təcrübəsi eyni ola bilməz. Bu baxımdan dərəcələrə bölünmə vacibdir. Bələdçilər 1-ci, 2-ci və 3-cü dərəcəli ola bilər”.
AZTA nümayəndəsi bütün bu məsələlərlə bağlı təklifləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdiklərini bildirdi.

Fəxriyyə Abdullayeva