Qız qalası və Şirvanşahlar saray kompleksi yerli sakinlərin və şəhərimizin qonaqlarının ən çox maraqlandığı və görmək istədiyi məkanlardandır. UNESCO-nun “Dünya irs siyahısı”na salınan İçərişəhərin bənzərsiz incilərindən olan bu məkanlara üz tutan turistlərin sayı günbəgün artmaqdadır. Ziyarətçilərin sayının artmasının digər səbəbi isə həmin abidələrdə yaradılmış muzey ekspozisiyalarıdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 2014-cü il üçün Qız qalasını ziyarət edənlərin sayı 219 min, Şirvanşahlar kompleksini isə 81 mindən çox insan ziyarət edib. Onların arasında rəsmi qonaqlar, nümayəndə heyətləri, yerli əhali, məktəblilər və tələbələr, xarici turistlər yer alıb.