Azərbaycan Turizm Assosiasiyası ilə "Şahdağ" turizm kompleksi birgə monitorinqlərə başlayıb. Monitorinq “Şahdağ" kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən turizm şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi məqsədi daşıyır.
Yanvarın 18-də keçirilmiş monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.
Yuxarıda qeyd olunan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər. Monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytında tanış olmaq olar.