Qonşu ölkədə maliyyə böhranı turizm sektoruna da təsirsiz ötüşməyib

2014-cü ilin sonunda dünya bazarındakı neft qiymətləri ilə bağlı Rusiyada başlanan maliyyə böhranı, rublun təxminən 90 faizədək dəyərdən düşməsi ölkənin turizm sektoruna da təsirsiz ötüşməyib. Artıq Rusiyadan xaricə turist səfərlərində 30 faiz, Avropa ölkələrinə səfərlərdə 50 faizədək azalma qeydə alınıb. Turist səfərlərinin azalması səbəbindən 20-dək turizm şirkəti özünü müflis elan edib. Nəticədə rusiyalı turistlər 2015-ci ildə səyahət və istirahət istiqamətlərini korrektə etməyə məcburdurlar.

Ən populyar istiqamətlər Türkiyə və Misirdir

Rusiyalı turistlərin səfərlərində azalma 2015-ci ilin turizm mövsümündə də özünü göstərəcək. Erkən rezervasiyanın nəticələrinə görə, rusların bu il əsasən Türkiyə, Misir, Tailand və Vyetnam kimi “ekonom” tipli turizm məkanlarında istirahətə üstünlük verəcəklərini söyləmək olar.
Rusiyanın Qazeta.ru saytı ölkənin 5 fəal turoperatoru arasında vətəndaşların 2015-ci ildə istirahət etmək istədiyi populyar istiqamətlər barədə sorğu aparıb. «All inclusive» turizm şirkətindən bildirilib ki, ən populyar istiqamətlər Türkiyə və Misirdir. «Rosturizm»in məlumatına görə, 2014-cü ilin 9 ayı ərzində bu ölkələrə 3 milyondan çox rusiyalı turist səfər edib. Bu il də göstərici ən azı bu qədər gözlənilir.
Cənubi və Cənub Şərqi Asiya ölkələri də 2015-ci ildə rusların üstünlük verdikləri istiqamətlər olacaq. Ötən il Rusiyadan Tailanda 700 minə yaxın turist səfər edib. Bu rəqəm 2013-cü ilin nəticələrindən cəmi 5 faiz aşağıdır.
«Svyaznoy Travel» şirkətinin direktoru Aleksey Doroş bildirib ki, Şərq istiqaməti öz populyarlığını 2015-ci ildə də qoruyub saxlayacaq. Bu ölkələrin hotellərində yerləşmə, qidalanma və əyləncə qiymətləri artmayıb, amma aviabiletlər bahalaşıb. Avropa və ABŞ istiqamətində isə hər iki baxımdan qiymətlər bahadır.

Kiprin hotelləri yerləri rus rublu ilə bronlaşdırır

Bu il rusiyalı turistləri avronun hakim olmadığı bəzi Avropa ölkələri də cəlb edəcək. Bu sıraya Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya kimi ölkələr daxildir. Avrozona ölkələrinə nisbətən bu ölkələrdə yaşayış və xidmət haqları ucuzdur. «Rosturizm»in statistikasına görə, 2014-cü ilin 9 ayında Macarıstana gedən rusların sayında 105 faiz, Rumıniyaya gedənlərin sayında isə 117 faiz artım qeydə alınıb.
2015-ci ildə Avropa istiqamətində sifarişlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Məsələn, bu il Parisə səfər etmək istəyənlərin sayında 43 faiz, Amsterdama 44, Vyanaya 48, Münxenə 48, Londona 54, Milana isə 56 faiz azalma var. Yalnız bir avrozona ölkəsi - Kipr (yunan bölümü) rusları bu il də çox cəlb edə bilər. Bu ölkə üçün Rusiya bazarı həlledicidir. Bu üzdən Kipr hökuməti bütün vasitələrdən istifadə etməklə, rusiyalı turistlərin diqqət mərkəzində qalmaq istəyir. Rusiya Turizm Assosiasiyasından bildirilib ki, artıq Kiprin bir çox hotelləri yerləri rus rublu ilə bronlaşdırmağa başlayıb.

Ekzotikaya hər zaman maraq var

Ekzotik səfərlərə maraq isə 2015-ci ildə də populyar olaraq qalacaq. Son 3 il ərzində Rusiyadan Braziliyaya gedənlərin sayı 7 faiz, Kambocaya 19, İslandiyaya 22, Şri-Lankaya 30, Cənubi Koreyaya 33 faiz artıb.
Braziliyada 2014-cü ildə keçirilən futbol üzrə dünya çempionatına görə yaradılan infrastruktur bu il də rusiyalı turistləri bu ölkəyə daha çox cəlb edir. Cənubi Koreya isə bu üstünlüyü bu yaxınlarda vizasız rejimə keçməsi ilə qazanıb. Ekzotika həvəskarı olan ruslar arasında Yaponiya da əsas yerlərdən birini tutur.
Baş verən proseslərdən daha çox mənfəət əldə edən isə Rusiyanın daxili turizm bazarı olacaq. 2015-ci ildə bu sahədə rekord nəticələr əldə edilə bilər. Ruslar bu il Simferopol, Soçi, Krasnodar və Mineralnıye Vodı kimi məkanlarda istirahətə daha çox üstünlük verəcəklər. Bu il regionlara sifarişlər bir neçə dəfə artıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar