Əlaqələrin inkişafı üçün dövlət qurumları ilə yanaşı ictimai təşkilatların da birgə fəaliyyəti vacibdir

Xəbər verdiyimiz kimi, yanvarın 22-dən 25-dək İstanbulda keçirilən «EMİTT-2015» beynəlxalq turizm sərgisində Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi heyətdə şöbənin Regionlarda turizmin inkişafı sektorunun məsləhətçisi Cəmil Kəlbəliyev, Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Elin Abasov, habelə 8 turizm şirkəti ("Greenwich travel", "Millennium Tourism and Congress", "Gilan tourism", "Regea travel", "Geo travel", "Proxy travel", "Meridian travel", "Vector travel") və 3 mehmanxananın ("Rixos Quba Azerbaijan", "Chinar Hotel and Spa Naftalan", "Duzdağ hotel") nümayəndələri yer alıb.
2003-cü ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfə "EMİTT" beynəlxalq turizm sərgisində təmsil olunublar. Budəfəki sərgidə Azərbaycanın turizm potensialı 72 kvadratmetrlik sahədə nümayiş etdirilib. Milli stendimizdə qonaqlara ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları paylanıb, ölkəmizin turizm imkanları, bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları barədə məlumat verilib.
Sərgi çərçivəsində yanvarın 22-də Mədəniyyət və Turizm Nazirliyi və TÜRSAB-ın birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə turizm sənayesinin nümayəndələrinin görüşü keçirilib. İki ölkənin turizm şirkətləri və mehmanxana təmsilçilərinin qatıldığı görüşdə TÜRSAB-ın rəhbəri Başaran Ulusoy, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev iştirak ediblər.
Tədbirdə çıxış edən Aydın İsmiyev Türkiyə və Azərbaycanın turizm sənayesi arasında turizm sahəsində ilk toplantının keçirildiyini vurğulayıb və turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafına verdiyi dəstəyə görə TÜRSAB-ın rəhbəri Başaran Ulusoya minnətdarlığını bildirib. Azərbaycanın turizm imkanlarını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Türkiyə və Azərbaycanın turizm şirkətləri və mehmanxana nümayəndələri arasında işgüzar görüşlər keçirilib. TÜRSAB və Azərbaycan Turizm Assosiasiyası arasında əməkdaşlığa dair protokol imzalanıb.
Sərgi və görüşlə bağlı təəssüratlarını qəzetimizlə bölüşən Aydın İsmiyev bildirdi ki, «EMİTT-2015» turizm sərgisində həm iştirakçıların, həm də ziyarətçilərin Azərbaycana böyük marağı müşahidə olunub. Xüsusilə Naftalan nefti, oradakı müalicəvi-istirahət mərkəzlərinə dair Azərbaycan təmsilçilərinə çoxsaylı müraciətlər olub: «Ziyarətçilərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış buklet və broşürlər, CD-lər təqdim olunur, nümayəndə heyətinin üzvləri tərəfindən əlavə məlumatlar verilirdi».
Tədbir çərçivəsində bir sıra görüşlərin keçirildiyini deyən şöbə müdiri TÜRSAB-la görüşü xüsusi qeyd etdi: «TURSAB Türkiyədə fəaliyyət göstərən turizm şirkətlərinin birləşdiyi ən böyük təşkilatdır. Qurumun bu sahədə çoxillik təcrübəsi var. Ölkəmizdə turizm yeni inkişaf edən sahədir, Azərbaycan Turizm Assosiasiyası beş ildir fəaliyyət göstərir. TURSAB kimi nüfuzlu bir təşkilatla AZTA-nın əməkdaşlıq etməsi ölkəmizdə turizmin inkişafına böyük töhfə verəcək. Ölkəyə turist gətirən də turizm şirkətidir, digər ölkələrə turist aparan da. Bu baxımdan turizm şirkətlərinin fəaliyyətini daha da canlandırmaq üçün bu görüşün və TÜRSAB-la Azərbaycan Turizm Assosiasiyası arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyəti böyükdür.
Azərbaycanın turizm şirkətlərinin Türkiyədəki həmkarları ilə əvvəl də müəyyən əməkdaşlıq əlaqələri vardı. Amma bu görüşdən sonra hesab edirəm ki, bu əlaqələr daha da genişlənəcək. Türkiyə tərəfdən görüşdə 100-ə yaxın, Azərbaycan tərəfdən isə 22 şirkətin nümayəndəsi iştirak edirdi. Sərgidə təmsil olunan şirkət və hotellərdən əlavə, 11 şirkət də məhz bu görüşdə iştirak etmək üçün öz nümayəndəsini Türkiyəyə göndərmişdi. Bu baxımdan gələcəkdə iştirak edəcəyimiz turizm sərgilərində də bu tipli görüşlərin keçirilməsini vacib hesab edirəm».
Aydın İsmiyev bildirdi ki, turizmin inkişaf etməsi üçün dövlət qurumları ilə özəl sektoru təmsil edən təşkilatların birgə əməkdaşlığı vacibdir. Mədəniyyət və Turizm Nazirliyi hər zaman turizm sahəsində fəaliyyət göstərən qurumların işini dəstəkləyir, onlara hər baxımdan köməklik edir: «Bu dəstəyimizi gələcəkdə də davam etdirəcəyik».


 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar