Bu yay turizm mövsümündə də Azərbaycandan Monteneqroya çarter reysləri reallaşdırılacaq. Bu barədə qəzetimizə məlumat verən Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin sözlərinə görə, artıq 4-cü ildir ki, iki ölkə arasında reyslər həyata keçirilir.
Bu il çarter reysləri iyunun 25-dən başlayacaq və sentyabrın 3-dək davam edəcək. Bu müddət ərzində 17 uçuş nəzərdə tutulur: «Uçuşlar əvvəlcə həftədə bir dəfə, sonra həftədə iki dəfə təşkil ediləcək. Bu reyslərlə 2 minədək azərbaycanlı turisti Monteneqroya göndərməyi düşünürük».
Həmsöhbətimiz bildirdi ki, 2014-cü ildə həyata keçirilən çarter reysləri vasitəsilə Azərbaycandan Monteneqroya 1600-ə yaxın turist səfər edib: «Artıq monteneqrolu turistlər də bizim ölkəmizə maraq göstərməyə başlayıblar. Ötən il ərzində bu ölkədən Azərbaycana turist kimi 200-ə yaxın insan gəlib. Bu rəqəmlər əvvəlki illərlə müqayisədə iki ölkə arasında turist mübadiləsinin artmasından xəbər verir. Bu Azərbaycanla Monteneqro arasında yüksək səviyyədə münasibətlərin qurulmasının nəticəsidir. Ötən il Monteneqronun baş naziri, turizm və davamlı inkişaf naziri, parlament sədri, iqtisadiyyat naziri Azərbaycana səfər etdi. Monteneqro hökuməti Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən də turizm sahəsində əməkdaşlıqda çox maraqlıdır. Monteneqronun baş naziri Milo Cukanoviçin Azərbaycana rəsmi səfəri bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu. Monteneqro tərəfi gələcəkdə bütün il boyu Azərbaycanla birbaşa uçuşların həyata keçirilməsi arzusundadır. Hazırda iki ölkə arasında hava nəqliyyatı haqqında sazişin imzalanması gündəmdədir. Çünki bu, turizm əlaqələrinin inkişafına birbaşa təsir edən amillərdəndir”.
Fəxri konsul bildirdi ki, bu ölkədə istirahətin əsas hissəsini dəniz turizmi təşkil edir. Eyni zamanda dağ-xizək turizmi də öz populyarlığını saxlamaqdadır. Ölkədə çoxlu sayda mədəni turizm marşrutları mövcuddur. Monteneqrodan Albaniya, Xorvatiya kimi qonşu ölkələrə vizasız rejim var. Xorvatiya ötən ildən Şengen zonasına daxil olduğu üçün Monteneqroya gedənlər bu ölkələrə də səfər edə bilirlər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar