“Turizm şirkətləri öz marketinq strategiyalarını yüksək səviyyədə qurmalıdır”

Fevralın 11-də elektron turist vizası sistemində akkreditasiyadan keçmiş turizm şirkətlərinin nümayəndələri ilə görüş oldu.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Xarici İşlər Nazirliyinin nümayəndəsi Elmar Qədimov və Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırovun iştirakı ilə keçirilən görüşə daxili turizmlə məşğul olan 55 şirkətin təmsilçisi qatılmışdı. Tədbir 2013-cü ilin aprel ayından ölkəmizdə tətbiq edilən elektron turist vizası sisteminin müzakirəsinə həsr olunmuşdu.
Görüşdə çıxış edən nazir müavini Nazim Səmədov bildirdi ki, turizm şirkətlərinin bu sistemə marağı getdikcə artır, 55 şirkət elektron turist vizası sisteminə qoşulub, 13 şirkət isə qoşulmaq üçün müraciət edib. Nazir müavini qeyd etdi ki, bu sistem tətbiq olunduqdan sonra Azərbaycana gəlmək üçün turistlər daha rahat şəkildə viza əldə edə bilirlər: «Elektron viza sisteminin tətbiqi Dünya Turizm Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Ötən il ərzində ölkəmizin bu sistemə qoşulması ilə bağlı bütün dünyada təbliğat aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində, turizm portalında, Xarici İşlər Nazirliyinin saytında bu barədə məlumat verilib. Azərbaycana gələn turistlərin mənsub olduğu ölkələrin coğrafiyası nə qədər geniş olsa, bu bizim üçün o qədər sərfəlidir. Bunun üçün turizm şirkətləri də öz marketinq strategiyalarını yüksək səviyyədə qurmalıdır».

Nazim Səmədov qeyd etdi ki, hazırda Nazirlər Kabineti turizm şirkətlərinin elektron viza sisteminə qoşulması ilə bağlı yeni akkreditasiya qaydalarına baxır. Bu qaydalar şirkətlərin sistemə qoşulması işini daha da asanlaşdıracaq: «Biz istəyirik ki, daha çox turizm şirkəti elektron vizadan istifadə etsin».
Nazir müavininin sözlərinə görə, elektron viza ilə ölkəyə gələn turistlərin sayı artır. Amma nəticələrin daha da yaxşılaşdırılması ilə bağlı işlərin sürətləndirilməsi vacibdir.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev bildirdi ki, turizm şirkətləri viza verdikləri hər bir əcnəbi vətəndaşla bağlı ətraflı məlumatları təqdim etməlidirlər. Dövlət Miqrasiya Xidməti də bu istiqamətdə şirkətlərə lazımi köməkliyi göstərməyə hazırdır.
Tədbirdə elektron turist vizasının daha da təkmilləşdirilməsi, istifadə qaydaları, gələcəkdə daha çox turizm şirkətinin bu sistemə qoşulması ilə bağlı müzakirələr aparıldı. Sonda akkreditasiyadan keçmiş turizm şirkətlərinin nümayəndələrinə treninq keçirildi və onları maraqlandıran suallar cavablandırıldı.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar