ATMU-nun rektoru Cəfər Cəfərov: “Tədris ocağının yeni statusu və yaradılacaq
akademik şəhərcik xaricdən tələbə cəlb edilməsinə də imkan verəcək”

«Azərbaycanda turizm və digər xidmət sahələrində əldə olunan inkişafın davamlılığını təmin etmək, eləcə də yeni istifadəyə verilən mədəniyyət, idman, təhsil və s. müəssisələrin yüksəkixtisaslı menecerlərə olan ehtiyacının ödənilməsi üçün bu sahədə kadr hazırlığı diqqət mərkəzimizdədir. Azərbaycan Turizm və Menecment Universitetinin akademik şəhərciyi tikilənədək mövcud ixtisaslara pilot formasında yeni ixtisasların əlavə edilməsi tədrisi nəzərdə tutulub. İlk olaraq qarşıdan gələn dərs ilində mədəniyyət menecmenti sahəsində kadr hazırlığına diqqəti artıracağıq».
Bu sözləri qəzetimizə açıqlamasında Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov bildirdi. Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişaf səviyyəsində mədəniyyət ocaqları üçün menecment kadrlarının hazırlanmasına ehtiyac gündən-günə artır: “Ona görə 2015-ci il üçün tələbə qəbulunda bakalavr üzrə «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması» ixtisasında qəbul planı artırılıb, həmçinin magistratura səviyyəsində yeni olan «Mədəniyyət iqtisadiyyatı» ixtisasına qəbul planı təqdim edilib. Eyni zamanda bakalavr pilləsində «Menecment» ixtisasının mövcud qəbulunun bir qrupunun indiki qaydalar çərçivəsində ixtisas fənlərini mədəniyyət sahəsinə aid etməklə mədəniyyət menecmenti istiqamətini gücləndirməyi düşünürük».
Rektor qeyd etdi ki, növbəti illərdə tədricən idman, təhsil, səhiyyə, tədbirlər və s. sahələrdə də menecment ixtisasları üzrə həm bakalavr, həm də magistr səviyyəsində kadrların hazırlanması əsas hədəflərdəndir: «Təbii ki, turizm universitetin aparıcı istiqaməti olaraq qalacaq. Amma bu sahədə də kadr hazırlığında köklü dəyişikliklər etmək fikrindəyik. Birinci iş turizm təhsili üçün müvafiq infrastruktur yaratmaqdır. Bu, universitetin əsas tədris şəhərciyinin və regional filiallarının, təcrübə bazalarının yaradılması ilə mümkün olacaq. Bu məqsədlə Prezident sərəncamına uyğun olaraq təkliflər hazırlanıb. Şəhərcik regionlardan tələbələrin daha çox cəlb edilməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə, xarici universitetlərlə daha intensiv tələbə və müəllim mübadiləsinin həyata keçirilməsinə, fasiləsiz təhsilin təmin olunmasına, xüsusi fənn kabinələrinin, texnoparkların, laboratoriyaların, təlim hoteli və restoranının yaradılmasına, peşə hazırlığının inkişaf etdirilməsinə - bir sözlə, universitetin daha rəqabət qabiliyyətli olmasına imkan yaratmış olacaq. Qida məhsulları mühəndisliyi, nəqliyyat servisi, turizm və hotelçiliyin ayrı iki ixtisas kimi inkişafı bu çərçivədə həyata keçə biləcək. Akademik şəhərcikdə qurulacaq tədris infrastrukturu bizə bu sahədə beynəlxalq səviyyədə kadr hazırlanması və akkreditasiya prosesində uğur qazanmağımıza imkan verəcək”.
Rektor ATMU-da hazırkı ixtisaslarla yanaşı, beynəlxalq təhsil sisteminə uyğun olaraq, mühəndislik, biznes və sosial elmlərlə bağlı ixtisasların tədrisinin də planlaşdırıldığını dedi. Ümumilikdə akademik şəhərcik yaxın 10 ildə 20-dən çox bakalavr, magistratura və doktorantura proqramı üzrə 10 minədək insana təhsil verməyə imkan yaradacaq. Sosial-psixoloji xidmət, psixologiya, kitabxanaçılıq və informasiya, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, sənayenin təşkili və idarə olunması, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, kompüter elmləri, poliqrafiya mühəndisliyi, istehlak mallarının marketinqi və s. gələcəkdə kadr hazırlığı planlaşdırılan ixtisaslardır. İxtisaslar və onlara qəbul planları turizm və digər xidmət sahələrində əmək bazarının ehtiyaclarına, ölkəmizdə aparılan davamlı inkişaf siyasətinin tələblərinə uyğun tərtib ediləcək. Həmçinin tədris ocağının yeni statusu və akademik şəhərcikdəki şərait xaricdən tələbə cəlb edilməsinə də imkan verəcək.

Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar