Xalq yazıçısı Elçin:
«Uşaq ədəbiyyatı poliqrafiyanın inkişafında ciddi rol oynayır»

Dekabrın 17-də Atatürk Mərkəzində «Beşik» nəşriyyatının  reallaşdırdığı «Mən və mənim dünyam» layihəsi çərçivəsində nəşr edilən 72-dən çox kiçikhəcmli kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə bir çox tanınmış ziyalılar, o cümlədən xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri Nizami Cəfərov, Fəttah Heydərov, akademik Bəkir Nəbiyev, gənc tənqidçi, «Beşik» nəşriyyatının direktoru Nərgiz Cabbarlı və başqaları iştirak edirdi.

Mərasimi giriş sözü ilə açan E.Əfəndiyev bildirdi ki, bugünkü tədbir xüsusi əhəmiyyətə malikdir: «Çünki burada söhbət bir-iki kitabdan deyil, 72 kitabdan gedir. Onu da deyim ki, bu layihənin davamı olacaq. Bunlar Azərbaycan uşaqlarının latın qrafikasında məktəbdənkənar oxuyacağı vəsaitlərdir. Bu kitablarda Azərbaycan nağılları, Qrim qardaşlarının, Andersonun nağılları, türk dünyasının əsatirləri, Tolstoyun uşaq hekayələri və s. işlənmiş şəkildə uşaqlara təqdim edilir. Mən 90-cı illərdə çox yazırdım ki, azərbaycanlı uşaqların savadsız böyümək təhlükəsi var. Ona görə ki, əlifba dəyişib. Birinci sinfə gedən uşaq latın qrafikasını öyrənir, amma bundan başqa bu qrafikada oxumalı bir şey yoxdu. Uşaqların öz milli ədəbiyyatından, milli folklorundan, dünya uşaq ədəbiyyatından xəbəri olmur».


Bu baxımdan bugünkü tədbiri yüksək qiymətləndirən xalq yazıçısı daha sonra bildirdi: «Bir neçə il bundan qabaq Azərbaycan Prezidenti İlham Əliyev latın qrafikası ilə kitabların çap olunması barədə xüsusi sərəncam imzaladı. Sərəncama uyğun olaraq yeniyetmələr üçün «Robinzon Kruzo», «Münhauzen», «Kapitan Qrantın uşaqları» və dünya ədəbiyyatının bir çox tanınmış nümunələrinin də daxil olduğu kitablar silsiləsi hazırlanıb, yaxınlarda 25 min tirajla çap ediləcək. Amma bu kitablar əsas etibarilə yeniyetmələr üçün nəzərdə tutulub. Bu gün təqdimatını apardığımız kitabların önəmi ondadır ki, onlar məktəbəqədər uşaqlar üçündür. Bunun üçün də xüsusi olaraq «Beşik» nəşriyyatının fəaliyyəti nəzərdə tutulub. İndiyə qədər gözəl tərtibatla 72 kitab çap edilib. Onu da bildirim ki, uşaq ədəbiyyatı poliqrafiyanın inkişafında ciddi rol oynayır. Çünki burda söhbət kitab qrafikasından, rəssamlıqdan, dizayndan gedir».


«Beşik» nəşriyyatının direktoru Nərgiz Cabbarlı nəşriyyatın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, uşaqlarla bağlı hər şey, xüsusilə tərbiyə beşikdən başlayır: «Beşik» nəşriyyatı da hazırda bu prinsip əsasında fəaliyyət göstərir və bundan belə də uşaqların tərbiyəsində, milli ruhda böyüməsində, vətənpərvər insan kimi yetişməsində öz nəşrləri ilə yaxından iştirak edəcək. Tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən bu nəşrləri dünya arenasına çıxarmaq arzusundayıq».


Tədbirdə həmçinin akademik Bəkir Nəbiyev, millət vəkilləri Fəttah Heydərov, Nizami Cəfərov və başqalarının çıxış etdilər.
Qeyd edək ki, «Beşik» nəşriyyatı 2007-ci ildən təsis edilib və 2008-ci ilin yanvarından fəaliyyətə başlayıb. Nəşriyyatın reallaşdırdığı əsas layihə «Mən və mənim dünyam» adlanır. Layihənin məsləhətçisi xalq yazıçısı Elçindir. Sözügedən layihə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində qeydiyyatdan keçib və müxtəlif seriyalar əsasında işləyir. 

 FƏXRİYYƏ