“Azərbaycanda daxili turizm getdikcə daha çox populyarlıq qazanır. Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti sayəsində ölkədə turizm və digər infrastrukturların qurulması vətəndaşlarımızın regionlarda istirahəti üçün geniş imkanlar açır”.

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 1news.az saytına müsahibəsində bildirib. Nazir qeyd edib ki, ötən il istirahət üçün xaricə gedən Azərbaycan vətəndaşlarının sayında azalmanın bir səbəbi də ölkəmizdə yaradılan imkanlardır.
Əbülfəs Qarayev vurğulayıb ki, Azərbaycanda əksər turizm növlərinin inkişafı üçün zəmin var: «İşgüzar və yaxud MİCE turizm hazırda çox perspektivli hesab olunur. Bu turizm istiqaməti böyük miqyaslı beynəlxalq tədbirlərin Azərbaycana gətirilməsi sayəsində inkişaf edir, nəticədə həm hotellər, həm nəqliyyat sektoru, həm də turizm şirkətləri və restoranlar qazanır. Ölkəmizdə çimərlik turizminin, ekoturizmin və digər istiqamətlərin də imkanları genişdir. Nazirlik olaraq potensialı olan bütün turizm növlərinin inkişafı üçün müxtəlif tədbirlər təşkil edirik, layihələri dəstəkləyirik, mütəxəssislərimiz xüsusi turizm-rekreasiya zonalarının yaradılması haqda plan hazırlayır».
Bununla yanaşı, nazir qeyd edib ki, Azərbaycanda ən perspektivli turizm növü mədəni turizmdir. Ölkəmizə gələn turistlərin əksəriyyəti Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olmaq, qədimlik simvolu olan İçərişəhərin küçələrini gəzmək, Şirvanşahlar sarayının tarixini eşitmək, Qız qalası haqqında əfsanəni dinləmək, dünya mədəniyyətinin çox nadir abidəsi, bəşər sivilizasiyasının ilk ocaqlarından biri olan Qobustandakı qayaüstü rəsmlərə tamaşa etmək istəyir: “Turizm şirkətlərinin ölkəmizə gələn qonaqlara təklif etdikləri marşrutlara nəzər salsaq, görərik ki, onlar əsasən abidələrimizi, muzeylərimizi, tarixi məkanlarımızı əhatə edir. Bu turistlər öz ölkələrinə qayıtdıqdan sonra orada Azərbaycanın «mədəni diplomatı» olurlar. Ola bilsin ki, ölkəmizə alış-veriş, yaxud çimərlik turizmi məqsədilə gələnlər daha çox iqtisadi divident gətirirlər, amma hər şeyi yalnız maddi anlamda dəyərləndirmək doğru deyil. Hesab edirəm ki, mədəniyyətimizin təbliği bizə gələcəkdə daha böyük divident gətirəcək».

“Mədəni turizmin inkişafının ilk şərti peşəkar bələdçilərin olmasıdır”

Mədəni turizmin inkişafı istiqamətində görülən işlərə gəldikdə, nazir bildirib ki, birinci növbədə Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dillər Universiteti ilə birlikdə peşəkar bələdçilərin hazırlanması yönündə işlər görülür. Çünki mədəni turizmin inkişafının ilk şərti peşəkar bələdçilərin olmasıdır: “Bələdçinin dil bilgiləri, Azərbaycanın tarixi, mədəniyyəti, abidələri, arxitekturası haqda məlumatları yüksək səviyyədə olmalıdır. Hazırda turizm sektorunda bir neçə xarici dili bilən bələdçilər var. Amma ölkəmizə gələn turistlərin sayı ilbəil artır və onları müşayiət edən bələdçilər çatışmır. Hətta mövsüm zamanı onların iş qrafiki bir ay əvvəldən dolmuş olur. Bizdə bələdçi xidmətinə görə yüksək məbləğ ödənilir. Amma mövsümün qaynar vaxtı bələdçi tapmaq çətin olur. Ələlxüsus da fransız, ispan və italyan dilli bələdçilərin sayı çox azdır. Mədəniyyət və Turizm Nazirliyi bu problemin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Xarici dillərdə təhsil alan tələbələrlə bələdçi peşəsinin təbliği istiqamətində danışıqlar aparılır, bələdçilər üçün master-klasslar, treninqlər təşkil edilir. Bələdçilərin qarşılaşdıqları çətinlikləri həll etmək məqsədilə nazirliyin əməkdaşlarından və tanınmış bələdçilərdən ibarət işçi qrup yaradılıb.
Azərbaycanda turizmin inkişafını sürətləndirmək, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə bölgələr üzrə yeddi marşrut müəyyənləşdirilib. Bu marşrutlar üzərində yerləşən abidələr bərpa olunur, həmin məkanlara gedən yollar təmir edilir, üzərində nişanlar qoyulur və s. Xarici turistlər arasında daha populyar olan mədəni marşrut “Böyük İpək Yolu” beynəlxalq marşrutudur. Bu marşrut Gürcüstan sərhədi də daxil olmaqla, ölkəmizin Balakən, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və paytaxt Bakını əhatə edir. Yeddi daxili marşrut üzrə «Aleksandr Düma Qafqazda», «Alman məskənləri», «Şərab yolu», «Kulinariya turu», «Qafqaz Albaniyasının tarixi irsi» kimi beynəlxalq mədəni marşrutlar da mövcuddur”.
Nazir bildirib ki, mədəni marşrutlar təkcə xarici turistlər üçün yaradılmır. Hər il regionlara səfər edən Azərbaycan vətəndaşlarının sayı artır: «Biz bu sayı daha da artırmaq üçün müxtəlif layihələr həyata keçiririk. Ötən ildən Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə həyata keçirilən «Ölkəmizi tanıyaq» layihəsi çərçivəsində orta məktəbin 9-11-ci siniflərində təhsil alan minlərlə şagird üçün Azərbaycanın regionlarına turlar təşkil edilib”.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar