Azərbaycanın zəngin xalq yaradıcılığı irsi, ölkəmizdə yaşayan müxtəlif etnik qrupların rəngarəng folkloru, adət-ənənələri mədəni turizmin daha bir sahəsinin inkişafına zəmin yaradır. Bu, hələlik bizim üçün yeni anlayış olan folklor turizmidir.

Folklor zənginliyimizi turizm fürsətinə çevirmək lazımdır

Folklor turizmi mahiyyət etibarilə mədəni turizmin bir sahəsi kimi dəyərləndirilsə də, əslində, spesifik bir istiqamətdir. Bu fikri diqqətə çatdıran Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanovun sözlərinə görə, Azərbaycanda yaşayan müxtəlif etnik qrupların hər birinin özünəməxsus folkloru, ənənələri, oyunları, bayram mərasimləri var: “Bu folklor zənginliyini turizm fürsətinə çevirmək, potensial kimi təqdim etmək lazımdır. İlk növbədə də bunu öz vətəndaşlarımıza göstərməliyik. Bakı böyük bir meqapolisdir. İnsanlar şəhərin səs-küyündən çıxmaq, dincəlmək üçün regionlara gedirlər. Bölgələrimizin kifayət qədər zəngin folklor nümunələri var ki, həmin nümunələr əsasında insanlar istirahətlərini daha mənalı təşkil edə bilərlər. Bu nöqteyi-nəzərdən, fikrimcə, turizmin bu növünü inkişaf etdirmək lazımdır».
Həmsöhbətim qeyd edir ki, Azərbaycanda turizmin mövsümiliyinin aradan qaldırılması və ilboyu olmasını təmin etmək üçün müxtəlif tədbirlər, layihələr həyata keçirilir: «Bu baxımdan perspektivli istiqamətlərdən biri ölkəmizdə folklor turizmi potensialını təqdim etməkdir. Ayrı-ayrı regionlarda folklor festivallarının keçirilməsini təşkil edə bilərik. Müxtəlif etnik qruplar bu festivallarda öz ənənələrini, mədəniyyətlərini nümayiş etdirə, turizm şirkətləri də bu tədbirlərə həftəsonu turist qrupları apara bilərlər. Bu həm də ölkəmizə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili baxımından da faydalıdır. Bu festivallar çərçivəsində yerli məhsullar da satıla bilər. Nəticə etibarilə də yerli turizm iqtisadiyyatı formalaşar. Düşünürəm ki, bir müddət belə festivallar davamlı olaraq keçirilərsə, bu zəmində ölkəmizə çoxsaylı turistlərin gəlməsinə nail ola bilərik. Amma bir məsələ də var ki, həmin festivalların keçiriləcəyi məkanlarda müvafiq infrastruktur, yetərli sayda turist yerləşdirmə yerləri olmalıdır”.

Xalq sənəti nümunələri cəlbedici turizm məhsulu ola bilər

AMEA-nın Folklor İnstitutu Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə birlikdə artıq bu istiqamətdə layihələr həyata keçirir. İnstitutun direktoru Muxtar İmanov bildirir ki, bu əməkdaşlıq çərçivəsində Qax, Zaqatala, Balakən rayonlarında folklor turizminin inkişafı ilə bağlı dəyirmi masalar təşkil edilib: «Bundan əlavə, biz şifahi xalq ədəbiyyatı ilə bağlı silsilə kitabların tərtibini və nəşrini planlaşdırmışıq. Bu günlərdə Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında anlaşma memorandumu imzalandı. Sənədin maddələrindən biri də ondan ibarətdir ki, hər iki qurum birlikdə Azərbaycan folklorunun ayrı-ayrı nümunələrini toplayıb sistemləşdirsin, nəşr etdirsin, özümüzə və dünyaya tanıtdırsın. UNESCO-nun siyahısına daxil olan aşıq sənəti, çövkən oyunu, Novruz bayramının öyrənilib təbliğ olunması istiqamətində birgə işlər görəcəyik”.
Qax, Zaqatala, Balakən rayonlarında keçirilən dəyirmi masalarda maraqlı müzakirələrin aparıldığını deyən direktor qeyd edir ki, folklor turizminin inkişafına xüsusi diqqət yetirməliyik. Folklor turizmi imkan verir ki, ayrı-ayrı ölkələrdən gələn insanlara yalnız təbiətimizi yox, həm də xalq mədəniyyəti ilə bağlı zəngin ənənələrimizi nümayiş etdirək. Folklor deyəndə yalnız xalq ədəbiyyatını nəzərdə tutmuruq. Xalq teatrı, xalq musiqisi, mətbəx mədəniyyətimizi, milli geyimlərimizi, müxtəlif adətlərimizi, xalq sənəti nümunələrini sistemləşdirib folklor turizmi olaraq gələn qonaqlara təqdim edə bilərik. Məsələn, qarşıdan Novruz bayramı gəlir. Hər hansı bir əcnəbi qonaq üçün bölgələrimizə gedib Novruz mərasimlərini izləmək, Novruz folkloru ilə bilavasitə tanış olmaq maraq doğurar”.
Muxtar İmanovun sözlərinə görə, Folklor İnstitutunun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə həyata keçirmək istədiyi layihələrdən biri ölkəmizə gələn turistlər üçün bələdçi kitablarının yenidən hazırlanmasıdır. Bu nəşrlərdə bölgələrimizdəki abidələrlə bağlı rəvayətlər, əfsanələr, digər xalq yaradıcılığı nümunələri haqqında daha dəqiq, elmi tədqiqatlara əsaslanan mülahizələr təqdim olunmalıdır.

Folklor turizmi ölkəmizin bütün bölgələrində perspektivlidir

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov isə deyir ki, turizmi daha yaxşı inkişaf etdirmək üçün onu müxtəlif növlərə bölürlər. Həmsöhbətimizin sözlərinə görə, AMEA-nın Folklor İnstitutu ilə birgə tədbirlər keçirərkən folklorla zəngin məkanlarımıza turist cəlb etməklə bağlı ideya ortaya çıxıb: «Qərara gəldik ki, xarici və yerli turistlərə folklor dəyərlərimiz olan mədəni irs nümunələrimizi tanıdaq”.
Vilayət İsmayılovun fikrincə, Azərbaycan xalqı öz mədəni irs nümunələri ilə, o cümlədən də folkloru ilə həddən artıq zəngindir. Bu səbəbdən də folklor turizmi ölkəmizin demək olar ki, bütün bölgələrində perspektivlidir: «Hansı bölgəmizə üz tutsaq, orda maraqlı folklor nümunələrimizlə qarşılaşarıq. Folklor təkcə şifahi xalq ədəbiyyatı deyil. Folklor - xalq yaradıcılığı deməkdir. Ulu babalarımızdan bizə gəlib çatan xalq yaradıcılığının bütün nümunələri folklordur. Bu da bizim bütün bölgələrdə var. Burada bir maraqlı məqam da var ki, folklorda hər bir regionun özünəməxsusluğu mövcuddur. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən regionlara müxtəlif turizm marşrutları təklif olunur. Fikrimcə, hara daha çox turist gedirsə, folklor turizmini orada təbliğ etmək daha doğru olardı. Azərbaycanda dövlət səviyyəsində dəstəklənən iqtisadi inkişafın fonunda folklor turizminin öyrənilməsinin və təbliğ olunmasının çox müsbət nəticələri olacaq».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar