Azərbaycan Konqreslər Bürosu təqdim edir

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu "Azərbaycan görüşlər bələdçisi" jurnalının (Azerbaijan Meeting Planner"s Guide) yeni nəşrini təqdim edib.
Beş yüz nüsxədə çap olunan jurnalda Azərbaycan Konqreslər Bürosunun ölkəni beynəlxalq səviyyəli görüşlər məkanı kimi təbliğ etmək üzrə fəaliyyətini dəstəkləyən və bu amal ilə qurumun sıralarına qoşulan bütün üzvləri haqqında məlumat yer alıb.
Büronun 14 ilkin və 8 yeni üzvü quruma üzvlük şərtlərinə uyğun olaraq 3 kateqoriyada verilib. “Qızıl” statuslu üzvlər - “Qafqaz Baku City Hotel & Residences” və “Park Inn by Radisson Azerbaijan Hotel”, “Gümüş” statuslu üzvlər - “Caspian Event Organisers”, “HRG Azerbaijan”, “Improtex Travel Tours & Conferences” və “PASHA Travel”, həmçinin yardımçı üzvlər - “Event Platform” və “S.Tanay Hotel Cosmetics”dir.
Nəşrdə Azərbaycan barədə, xüsusən də ölkəmizin turizm sahəsinin inkişafı və potensialı, eyni zamanda mehmanxana, turizm agentlikləri və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər haqqında məlumatlar yenilənmiş şəkildə dərc olunub. Nəşrdə fotolar da dəyişdirilib, daha rəngarəng və aktual fotolar əlavə olunub.
Azərbaycan Görüşlər Bələdçisinin yeni nəşri turizm tədbirlərində, ticarət sərgilərində, büronun satış missiyalarında və bu kimi digər sahələrdə istifadə olunacaq.
Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə ölkəmizə irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəni beynəlxalq səviyyəli təyinat məkanı kimi təbliğ etmək daxildir.