M.Ə.Sabir - 150
   
   “...Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım"
   Mirzə Ələkbər Sabir

   
   I yazı
   
   Bura Sabir bağıdır. Ziyalıların ən çox üz tutduğu, Sabirlə dərdləşdiyi məkan. Bu bağda həmişə sakitlik olur, heç kim fikirli Sabiri öz dünyasından ayırmaq istəmir. Mən də Sabirin keçib gəldiyi 150 ilik tarixə nəzər salmaq üçün yolumu Sabirin ruhunun hopduğu məkanlardan biri olan bu bağdan saldım. Tarix demişkən, bu bağın da öz tarixi var. Elə bu tarixdən başlayaq...
   
   Sabirin abidəsi
   
   ...Mirzə Ələkbər Sabirin adını daşıyan park şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində yerləşir. Vaxtilə bu bağ İsmailiyyə bağı kimi məşhur olub. 1922-ci ildə burada böyük satirik şairin 60 illiyi münasibətilə abidəsi ucaldılır. Abidənin müəllifi tanınmış heykəltəraş, Peterburq Rəssamlıq Akademiyasının məzunu Yakov Keylixis idi. Bu, Bakıda ucaldılan ilk heykəltəraşlıq nümunəsidir. Satirik şair ayaq üstə təsvir olunmuşdu.
   İllər sonra, 1958-ci ildə bu heykəl Cəlal Qaryağdının hazırladığı yeni abidə ilə əvəz olunur. Heykəlin hazırlanmasında C.Qaryağdı ilə yanaşı, arxitektorlar Q.Əlizadə, A.İsmayılovun da böyük zəhməti danılmazdır. Şair bu dəfə oturaq vəziyyətdə, əlində kitab, sakit xəyala dalmış şəkildə təsvir olunub...
   * * *
   Biz də Sabir bağının bir küncündə oturub sakitlik axınında XIX əsrə qayıdırıq - Mirzə Ələkbər Sabirin doğulduğu 1862-ci ilə...
   Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoyur.
   Mollaxanada şagirdlərin ilk vəzifəsi “Quran” oxumaq olsa da, Ələkbər “Quran”ı oxuyub başa vurmadan yazı yazdığı üçün molla onun ayaqlarını falaqqaya salıb döyür. Mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər, evdə ata və anası tərəfindən səkkiz yaşlı uşağın oruc tutmağa, namaz qılmağa məcbur edilməsi Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şeirində ifadə olunur:
   Tutdum orucu irəmazanda,
   Qaldı iki gözüm qazanda,
   Mollam da döyür yazı yazanda.
   Sabir 12 yaşına qədər mollaxanada oxusa da, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçir. Bu məktəb onun üçün faydalı olur, xüsusilə biliyinin və şairlik istedadının inkişafına kömək edir. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub məsləhətlər verir, onda yaradıcılıq həvəsini artırır.
   Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlərini də oxuyub redaktə edir. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası tez-tez onu məzəmmət edərmiş. Hətta bir dəfə şeir dəftərini cırır. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və yaradıcılıqdan çəkindirmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.
   Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxır, Orta Asiyaya, oradan da İrana gedir. Səbzivar, Nişabur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alimlər, yazıçılarla görüşüb tanış olur.
   İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində Ələkbərin 8 qızı, bir oğlu dünyaya gəlir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirir. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırır. Buna baxmayaraq, o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olur.
   1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxı şəhərini tar-mar edir. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönür, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalır. Sabirin evi də dağılır. O, təkbaşına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma qaralayır. Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışarmış. Arvadını və qızını savadlı görmək istəyən Sabir onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə xanım sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatcıl, səmimi idi.
   Ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmır. Bu zaman dostu Abbas Səhhət ona mənəvi cəhətdən dayaq olur. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub müzakirə edirdilər.
   
   "Molla Nəsrəddin”in ən sevimli şairi
   
   XX əsrin əvvəllərindən başlayaraq Sabirin əsərləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində şeiri çap olunur. Bir qədər sonra isə "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
   Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara qarşı haqq səslərini ucaldırlar. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanır. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda, istər Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirlər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
   1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirlər.
   
   Sabirin “Ümid” məktəbi
   
   1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qori seminariyasından aldığı məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim kimi dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.
   Həmin ilin sentyabrında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a yaxın şagird təhsil alırdı. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, “Quran” və şəriət dərsləri tədris edilirdi.
   1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəli gülüş səhifəsində Sabirin "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm şeirlərini çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin”də yazmaqda davam edir.
   Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında qaraciyər xəstəliyinə tutulur, Şamaxıya qayıdır. 1911-ci ilin maynda müalicə üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin evində qalır. "Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, "Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.
   İyun ayında həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Ömrünün son günlərinin birində şair yazır:
   İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
   Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
   “Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Yaxın Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
   Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olur, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".
   1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
   Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şeirləri "Hophopnamə" adı ilə çap olunur. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri işıq üzü gördü...
   
   Təranə Vahid