4-8 mart tarixində Almaniya paytaxtında keçiriləcək "İTB Berlin 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub. Nazirliyin Almaniyadakı turizm nümayəndəliyi ilə əməkdaşlığı əsasında "İTB Berlin" beynəlxalq turizm sərgisi ərəfəsində, 23 fevral tarixindən etibarən Almaniyanın Hamburq, Münxen və Frankfurt şəhərlərində avtobus, tramvay və metrolarda Azərbaycanın turizm loqosunu və internet səhifəsini əks etdirən reklam kartları (swing cards) yerləşdirilib. Kampaniya mart ayının 8-dək davam edəcək.
Həmçinin 2-16 mart tarixində Berlində şəhərin 47 reklam lövhəsində Azərbaycana dair reklamın yerləşdirilməsi planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən "İTB Berlin" sərgisində iştirak edir. Builki sərgi zamanı, martın 5-də Azərbaycanın milli stendində "Happy hours" tədbirinin keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Almaniyanın 25 turizm şirkəti və media nümayəndəsinə təqdimat keçiriləcək, biznes görüşləri təşkil olunacaq.
Fəxriyyə Abdullayeva