Şəmkir şəhərinin turizm imkanları təqdim edilib

Martın 3 və 4-də «Vector Travel» turizm şirkətinin təşkilatçılığı, «Shamkir Excelsior Hotel» və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə 30-dan çox turizm şirkətinin və media nümayəndələrinin iştirakı ilə Şəmkir şəhərinə infotur keçirilib.

Bu şəhərin turizm imkanlarının tanıdılması və Azərbaycanın qərb bölgəsinə turların təşkil edilməsi məqsədilə reallaşdırılan səfər zamanı iştirakçılar «Shamkir Excelsior Hotel», şəhərdəki Abidələr Parkı, Bayraq Muzeyi, «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar.
«Shamkir Excelsior Hotel»in konfrans zalında geniş toplantı keçirilib. Toplantıda bildirilib ki, Azərbaycanda daxili turizmin inkişafında Şəmkir şəhərinin rolu böyükdür. Şəhərin qədim tarixi və müasir infrastrukturu onu turistlər üçün cəzbedici məkana çevirir.
Qeyd edilib ki, Şəmkirdə 4 və 5 ulduzlu hotellərlə yanaşı, 2 və 3 ulduzlu hotellərin tikilməsinə də böyük ehtiyac var. «Vector Travel» turizm şirkətinin icraçı direktoru Kənan Hənifəyev bildirib ki, Şəmkir şəhəri mədəni turlar baxımından böyük imkanlara malikdir, bu turizm növünün həvəskarları isə adətən daha münasib qiymətə təklif edilən turlara üstünlük verirlər. Onun sözlərinə görə, təmsil etdiyi şirkət tərəfindən həyata keçirilən Şəmkir turu turistlər arasında getdikcə populyarlıq qazanır.
Toplantıda qərara alınıb ki, turizm şirkətləri Bakı-Gəncəbasar istiqamətində yeni turpaketlər tərtib etsinlər və turlar Şəmkir şəhəri, Gürcüstan da daxil olmaqla, Azərbaycanın qərb bölgəsini əhatə etsin. İnfotur iştirakçıları Şəmkirin görməli yerlərində ekskursiya gəzintisində də olublar. 


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar