Moskvada keçirilən sərginin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib

Martın 17-də Moskvadakı “Metropol” hotelində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaşlığı ilə 2-ci “Conde Nast Traveller Luxury Travel Fair" qlobal lüks səyahət sərgisi açılıb. Sərgidə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edib.

Azərbaycan üçün ayrılmış 304 kvadratmetrlik sahədə qonaqlara ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunur. Bundan əlavə, sərginin dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında, döş nişanlarında və reklam lövhələrində Azərbaycan turizm loqosu, 6 ay ərzində tədbirin www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın turizm potensialına dair banner yerləşdirilib, həmçinin ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi təşkil olunub.
Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Conde Nast Traveller” jurnalının Moskvada təşkil etdiyi sərgi Rusiya bazarında ölkəmiz üçün mühüm rol oynayan bir seqmenti əhatə edir. Sərgidə dünya turizm sənayesinin lüks səviyyəsini təmsil edən 500-dən çox aparıcı şirkət iştirak edir. Nazir qeyd edib ki, zəngin və imkanlı turistlərin ölkəmizə cəlb olunması bizim üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycana gələn hər bir turist təxminən 700 dollar vəsait xərcləyir və biz bu rəqəmin artmasında maraqlıyıq”.
Ə.Qarayev vurğulayıb ki, Azərbaycan Turizm Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində sərgidə ölkəmizin 27 ən böyük hoteli təqdim olunur. Qeyd olunub ki, viza tətbiq olunmaması, nəqliyyat strukturunun rahatlığı Rusiya bazarının Azərbaycan turizmi üçün önəmini artırır. Ölkəmiz bu sərgi ilə yanaşı, Moskva beynəlxalq turizm sərgisində (MİTT 2015), Rusiya regionlarında keçiriləcək sərgilərdə də iştirak etməyi planlaşdırır. Lakin bu sərgi bizim üçün daha önəmlidir. Çünki “Conde Nast Traveller” dünyanın ən nüfuzlu turizm jurnallarından biridir. Jurnal dünyanın 12 ən böyük şəhərində yerləşən qərargahları ilə yanaşı, lüks səviyyəli turizmin maraq dairəsində olan “Vogue” “GQ”, “Architectural digest” kimi nəşrlərdə təmsil olunur.
Qeyd edək ki, martın 16-da Moskvada “Conde Nast Traveller” jurnalının oxucuları arasında keçirilən sorğuda ”Ən qonaqpərvər şəhərlər” nominasiyasında 5 şəhər - Paris, Poma, Banqkok və Dubayla yanaşı, Bakının da namizədliyi irəli sürülmüşdü. Sorğuda bu nominasiyada İtaliyanın paytaxtı Roma qalib gəlib. Mükafatı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Nazir həmçinin bildirib ki, Bakının namizədliyinin dünya turizminin aparıcı şəhərləri ilə eyni siyahıda irəli sürülməsi Azərbaycanın turizm sənayesində özünəməxsus yer tutmasından xəbər verir: “Qarşıda bizi Birinci Avropa Oyunları gözləyir. Oyunlar zamanı turistlərin ölkəmizə cəlb olunması üçün Azərbaycanın müasir görkəminin, tarixinin, mədəniyyətinin, adət və ənənələrinin təbliği əsas vəzifələrdəndir”.
Sərgidə Azərbaycan üçün ayrılmış sahədə ölkəmizin qabaqcıl turizm obyektləri, o cümlədən "Gilan tourism", "İmprotex travel", "Khazar travel" şirkətləri, "Absheron Hotel Group", "Caspian Sea Resort Hotel", "Four Seasons Hotel Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "JW Marriott Absheron Baku", "Kempinski Hotel Badamdar" və başqaları təmsil olunur.