Mirzə Ələkbər Sabir - 150
   
   Səməd Vurğun həmişə klassiklərin və öz müasirlərinin yaradıcılığına həssaslıqla yanaşmış, ayrı-ayrı sənət xadimlərinin yaradıcılığı barədə məqalələr yazmış, əsaslandırılmış mülahizələr söyləmişdir. Şairin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, habelə bir çox müasirlərinin yaradıcılığı barədə fikir və mülahizələri səriştəli ədəbiyyatşünas - alim sözü olmaqla öz əhəmiyyətini bu gün də saxlayır.
   
   Onun yaradıcılığını yüksək dəyərləndirdiyi söz sərraflarından biri də böyük satirik şairimiz Mirzə Ələkbər Sabir olmuşdur.
   Şair xalqımızın həyatını, onun özünəməxsus xüsusiyyətlərini əks etdirən sənətkarlara yüksək qiymət verir, onların yaradıcılığını örnək hesab edirdi. O, M.Ə.Sabirin yaradıcılığını da bu baxımdan yüksək qiymətləndirirdi. Şair ötən əsrin 30-cu illərində Sabir şeirinin dərin mənasını dərk etməyən, bu poeziyanın yalnız xarici tərəflərini görən şəxslərə üzünü tutub deyirdi: «...Sabir elə sənətkar olmuşdur ki, onunla xalqımız əsrlər boyu fəxr edəcəkdir. Onun xüsusiyyətlərilə bizim xalq dərindən-dərinə bağlıdır. Sabirin yaradıcılığında xalqımızın ruhu, həyatı vardır. Buna görə də xalqımızın ruhunda yaşayır».
   Şair belə hesab edirdi ki, Cəlil Məmmədquluzadənin və Mirzə Ələkbər Sabirin yaratdığı, yaşından asılı olmayaraq hamının əzbər bildiyi satiraları bu gün heç kim yaratmamışdır. Bu sənətkarlarda olan öldürücü satira, qamçılayan tənqidi gülüş, islahedici, istiqamətləndirici yumor hələ müasir ədəbiyyatımız tərəfindən mənimsənilməmişdir. Səməd Vurğunun səmimi etirafı bu gün də aktualdır: «Cürətlə deməliyik ki, yaratmamışıq! Bu nöqsanı biz öz boynumuza götürməliyik».
   Şair dediklərini onunla əlaqələndirirdi ki, Sabir mənsub olduğu xalqın bütün xüsusiyyətlərini, onun dilini, tələblərini, özünəməxsus xüsusiyyətlərini gözəl bilirdi və həmin tələblərə, xüsusiyyətlərə uyğun yaradırdı. Məhz buna görə də o, «geniş kütlə şairi olmaq istəyən» qələm sahiblərinə məsləhət görürdü ki, yalnız ziyalılar üçün deyil, geniş kütlələr üçün də yazmağı Mirzə Cəlildən və Sabirdən öyrənsinlər.
   Şair Azərbaycan ədəbiyyatı və mədəniyyətini respublikadan kənarda da təbliğ edirdi. 1940-cı ildə Moskva şəhərində Azərbaycan ədəbiyyatı ongünlüyü keçirilmişdir. Həmin günlərdə Hərbi-Siyasi Akademiyada Azərbaycanın ədəbiyyat xadimlərinin iştirakı ilə keçirilən gecədə Səməd Vurğun geniş məruzə ilə çıxış edərək ədəbiyyatımız, onun ayrı-ayrı nümayəndələri barədə məlumat vermişdir. Məruzədə Mirzə Ələkbər Sabir barədə də digər xalqlar üçün xüsusi maraq doğuran qiymətli fikirlər səslənmişdir.
   Səməd Vurğunun həmin məruzəsindən: «Sabirin qəzəblə dolu satirası Azərbaycan şeirində çox yüksək və dərin mənalı şeir kimi qalır. Budur, baxın, bu heyrətləndirici satira sənətkarı insanları mütiliyə, alçalmağa və mübarizədən əl çəkməyə dəvət edənlərin hamısına necə cavab vermişdir:
   
   Görmə! - Baş üstə, yumaram gözlərimi.
   Dinmə! - Mütiəm, kəsərəm sözlərimi.
   Bir söz eşitmə! - Qulaqlarım bağlaram.
   Gülmə! - Pəkey, şamü-səhər ağlaram.
   Qanma! - Bacarmam! Məni məzur tut,
   Böyləcə təklifi-mahalı unut!..»
   
   Səməd Vurğun «Sual-cavab» adlanan bu şeiri təhlil edərək deyirdi ki, Sabir zülm altında əzilən kütlənin müdafiəçisi idi. Zülm edənlər isə yerli zülmkarlarla yanaşı, həm də rus çarizminin yerlərdəki nümayəndələri idi.
   Məlumdur ki, Sabir həmin şeirində insanın görmə, danışma, hətta düşünmə, dərketmə, anlama qabiliyyətlərini əlindən almağa çalışanların özbaşınalığını və qəddarlığını özünəməxsus tərzdə, məhz satiranın gücü ilə ifşa etmişdir.
   Səməd Vurğun 1954-cü ildə yazıçıların II Ümumittifaq qurultayında poeziya haqqında məruzə etmişdir. Şair həmin məruzəsində, bir sıra məsələlərlə yanaşı, «satira yazanların çoxunda ifşa etmək pafosunun zəif olduğunu» xüsusi vurğulamış və Sabirin haqqında danışdığımız şeirini nümunə gətirərək demişdir: «Məgər bizdə belə ürəksiz, vəzifəpərəst olmurmu ki, cürətli və yeni fikirlərdən oddan qorxan kim qorxurlar, hər adamı onların qərarı ilə, istədikləri kimi işləyən və yalnız onların iradəsinə tabe olan kar, lal, kor bir alətə çevirməyə çalışırlar. Biz belə əyanları kəskin ifşa etməliyik... Mənə elə gəlir ki, bizim müasir siyasi satiramızda məhz belə kəskinlik və əhatəlilik çatışmır».
   Şair 1953-cü ildə Moskvada, «Oktyabr» jurnalında dərc olunmuş «Böyük sənət məsələləri» adlı məqaləsində öz mülahizələrini ədəbiyyat və incəsənətin gələcək inkişafı üçün həyati əhəmiyyətə malik olan tipiklik probleminin şərhi üzərində qurmuşdur. Tipiklik haqqında aydın bir anlayışın olmaması, ictimai hadisələrin mahiyyətini ifadə edən məsələlərdən daha çox geniş yayılmış, məişətdə kök salmış şeylərin tipik sayılması Səməd Vurğunu razı salmırdı. Buna görə də o, tipiklik haqqında, obrazların və hadisələrin şüurlu surətdə şişirdilməsi haqqında söhbətin meydana çıxmasını bədii yaradıcılıq praktikasının irəli sürdüyünü tamamilə təbii bir hal hesab edirdi.
   Şair obrazların şüurlu surətdə böyüdülməsini böyük incəsənətin mahiyyətini təşkil edən bir məsələ kimi səciyyələndirir və bunu çoxdan məlum olan, lakin az qala hamı tərəfindən unudulan belə bir həqiqətə doğru geri qayıtmaq sayırdı ki, böyük incəsənət heç bir zaman böyük bədii ümumiləşdirmələr olmadan, yüksək bədii idealsız yaşaya bilməz.
   «Böyük sənət məsələləri» məqaləsindən: «Dünya ədəbiyyatı tarixindən bir çox nümunələr və misallar məlumdur ki, bəzən tamam bir dövrün və ya bütün bir xalqın ruhu və qəlbi hər hansı bir şairin yüksək fikirlərində və hisslərində də öz ifadəsini tapmışdır. XVIII əsrdə yaşamış böyük Azərbaycan şairi Molla Pənah Vaqifin, XX əsrin əvvəllərində yaşamış dahi satirik Mirzə Ələkbər Sabirin yaradıcılığı buna misal ola bilər».
   Sabir satirasının qüdrətinin təsdiqi Səməd Vurğunun şeirlərində də öz əksini tapmışdır. «Unutmaq olmaz ki, doğrudan da, biz Böyük Sabirlərin varisləriyiz» deyən şair özünəməxsus təvazökarlıqla «Satira gəlməyir mənim əlimdən» deyir və yazmaq istədiyi şeirin Sabir tərəfindən qələmə alınmasını arzulayırdı:
   
   Sabir sağ olsaydı bu temanı mən
   Ona bağışlardım candan, ürəkdən.
   Yazardı öz böyük məharətilə,
   Bir aslan qəlbinin cəsarətilə,
   Biz də oxuyardıq, heyran qalardıq,
   Bundan da başqa bir ibrət alardıq.
   
   Səməd Vurğun göstərirdi ki, Sabir böyük istedad sahibi olmaqla yanaşı, həm də cəsarətli şəxsiyyət olmuşdur. Məhz bu cəhətlərinə görə oxucular onun poeziyasına həm heyran olmuş, həm də bu poeziyadan ibrətlənmişlər.
   «Sabirin şərəfinə» şeiri isə Səməd Vurğunun Sabir və ondan əvvəl yaşayıb-yaratmış qələm sahiblərinin dövrü haqqında düşüncələrindən ibarətdir.
   Məlumdur ki, Mirzə Ələkbər Sabir yaşadığı illərdə həyata açıq gözlə baxdığı və dövrün yaramazlıqlarını satiranın dili ilə ifşa etdiyi üçün daim təqiblərə məruz qalmışdır. Səməd Vurğun göstərir ki, tarixə qara hərflərlə yazılmış illərdə vətən didilmiş, parçalanmış, insanlar vaxtsız qocalmış, «haqq bağıran qəhrəmanların» başı bədənindən ayrılmışdır:
   
   Boy atır sünbülün, gülün möhnəti,
   Sönür baxışların ilk məhəbbəti.
   Hər kiçik laylada «dərdim var» deyir
   Elin şirin dili, şirin söhbəti.
   
   Bütün bunlara baxmayaraq xalqımız da, şeirimiz də, şairlərimiz də yaşamış, zirvələrə ucalmış, öz sözünü deyə bilmişdir:
   
   Sabir, o günləri gətirmə yada,
   Dünya unutmamış səni dünyada...
   Sinənə çarpdıqca kinli dalğalar
   Bir qoca dağ kimi durdun dəryada.
   
   Bu misralar bir vaxtlar haqsız təqib və təhqirlərə məruz qalmış və bu gün zirvələrdə duran bütün qələm sahiblərimizə aiddir.
   Səməd Vurğunun özünə də...
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru