Novruz bayramının turizm məhsulu kimi tanıdılması çox vacibdir

Getdikləri ölkənin mədəniyyət, adət-ənənələri, milli bayramları ilə tanış olmaq mədəni turizm həvəskarlarını maraqlandıran ən başlıca xüsusiyyətdir. Turizmin bu növünün milyonlarla həvəskarı dünyanın müxtəlif ölkələrinə səyahət edir.

Azərbaycan da zəngin mədəni irsi, etnoqrafiyası, folkloru ilə hər zaman əcnəbi qonaqların diqqətini çəkir. Bu zənginliyi özündə yaşadan ən böyük bayramımız isə Novruzdur.
Dünyanın müxtəlif ölkələrində milli bayramların geniş şəkildə, xüsusi təmtəraqla qeyd olunması turizm baxımından da böyük önəm kəsb edir. Novruz da koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan milli bayramlardandır. Xüsusilə 2009-cu ildə bu bayramın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, 2010-cu ildə BMT-nin 21 martı Beynəlxalq Novruz Günü elan etməsi onun beynəlxalq səviyyədə təbliğinə geniş zəmin yaradıb.
Qeyd edək ki, yaz fəslinin gəlişi, təbiətin qışın soyuğundan, qar-boranından sonra canlanması bir çox xalqlar tərəfindən xüsusi ayinlərlə qeyd edilir. Rusiyada, Hindistanda, Çində, Yaponiyada və digər ölkələrdə yaz bayramları var. Bu bayramlarla bağlı həmin ölkələrə milyonlarla turist gəlir. Novruz bayramının da turizm məhsulu kimi geniş imkanları var və bundan lazımınca yararlanmaq lazımdır.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanovun fikrincə, təkcə Novruz bayramını deyil, ümumilikdə zəngin folklorumuzun turizm məhsulu kimi geniş təqdimatına ehtiyac var: “Novruz bayramı ilə bağlı hər il möhtəşəm tədbirlər keçiririk. Bu tədbirlərdə aşıq sənətimiz, meydan teatrı və s. kimi xalq sənəti nümunələri nümayiş etdirilir və turistlər buna xüsusi maraq göstərir. Çox yaxşı olardı ki, biz belə tədbirləri mütəmadi olaraq keçirək. Məsələn, təkcə Novruzda deyil, başqa bir vaxtda Azərbaycana gələn turistə bir xalq tamaşasından, tutaq ki, elə «Kosa-kosa» oyunundan səhnə göstərsək, onun üçün maraqlı olmazmı? Təbii ki, olar. Beləliklə, Novruz bayramını da daha geniş tanıtmış olarıq. Bundan əlavə, müxtəlif bölgələrimizdə Novruz fərqli qeyd edilir. Bu müxtəlifliyi nəzərə alıb bu bayramı həm yerli turistlərimizə, həm də əcnəbi qonaqlara daha dolğun formada nümayiş etdirməliyik”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyir ki, Novruz bayramı Azərbaycanda bir qayda olaraq evlərdə qeyd olunur. Bu bayram hələ ki elə geniş ictimai miqyas almayıb: «Amma hesab edirəm ki, ala bilər. Son vaxtlar bu istiqamətdə müvafiq qurumlar tərəfindən müəyyən tədbirlər reallaşdırılır. Novruz bayramı günlərində xüsusilə İrandan çoxsaylı turistlər də gəlir. Amma bu işi daha geniş miqyasda təşkil etmək olar. Turistlərin Novruz tədbirlərində iştirakı təmin olunmalıdır, əvvəlcədən bu tədbirlər haqqında məlumatlar verilməlidir və turist də bilməlidir ki, hansı mərasimlərdə iştirak edəcək, səfər proqramı necə olacaq və s. Fikrimcə, bunun üçün də ayrı-ayrı iş adamlarının, turizm qurumlarının təşəbbüskarlığı lazımdır. Novruzla bağlı xüsusi turproqramlar hazırlanıb lazımi səviyyədə təbliğ olunsa, düşünürəm ki, nəinki qonşu ölkələrdən, Avropadan da çoxsaylı turistləri cəlb etmək mümkün olar».
Millət vəkilinin sözlərinə görə, Novruz böyük tarixi olan bir bayramdır və türk dünyasında da müxtəlif formalarda qeyd olunur. Deməli, onun dünyada yayılması və tanınması üçün potensial da var: «Novruzun tarixdən gələn xüsusiyyətlərini dərindən mənimsəmək, onları təbliğ etmək lazımdır. Bayramın hazırlıq müddəti də təxminən bir ay çəkir. Ona görə də turistlərin gəlməsi, mərasimlərdə iştirakı, ayrı-ayrı bölgələri gəzməsi üçün kifayət qədər vaxt var. Mən əminəm ki, yaxın illərdə Novruz bayramını istədiyimiz səviyyədə tanıtmağa nail olacağıq».
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov bildirdi ki, Novruz bayramının maraqlı bir turizm məhsuluna çevrilməsi və turistlərin cəlb edilməsi məqsədilə həm nazirlik, həm də turizm şirkətləri tərəfindən müəyyən işlər görülür. Hər il ölkə rəhbərliyinin də iştirakı ilə Bakıda bu bayram çox təntənəli şəkildə qeyd olunur, eyni zamanda bölgələrdə də bayramın özünəməxsus çalarları var: “Novruz bayramı mərasimlərini həm xarici turistlər üçün, həm də yerli səyahət həvəskarları üçün cəlbedici turizm məhsulu kimi təqdim etmək üçün layihələr həyata keçirilir. Məsələn, Qazaxda Novruz bayramı çox maraqlı bir formada qeyd olunur. Ağsuda ötən il turizm şirkətləri tərəfindən təşkil edilən «Tərəkəmə Novruzu» festivalı kimi tədbirləri ənənəvi şəkildə hər il reallaşdırmağı planlaşdırırıq. Novruz bayramında müxtəlif el adətləri, ənənələrimiz, mətbəx, folklor nümunələrimiz öz əksini tapıb. Bunların qorunub saxlanılması, Azərbaycan xalqına mənsub olmasının təbliği üçün də Novruz bayramını turizm məhsulu kimi tanıtmaq, bunu davamlı şəkildə təşviq etmək çox vacibdir».

F.Abdullayeva