Azərbaycanda Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımı olmayacaq. Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, turizm sahəsində qiymət siyasəti bazar tərəfindən formalaşdırılsa da, bu məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində regionlarda fəaliyyət göstərən mehmanxanalarda qiymət artımının müşahidə edilmədiyi məlum olub: «Əksinə, Şamaxı və Qubada beşulduzlu mehmanxanalar daha səmərəli fəaliyyət göstərmək üçün Novruz bayramı ilə əlaqədar qiymətlərində 20-30 faiz endirim edib».
Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan vətəndaşları Novruz bayramı günlərində regionlarda - Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və ətraf rayonlarında, eləcə də cənub zonasında istirahət etməyə daha çox üstünlük verirlər. Turizm şirkətləri bayramla əlaqədar regionlara xüsusi turpaketlər hazırlayıblar.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, regionlarda qiymətlər mövsümdən və tələbatdan asılı olaraq dəyişilir. Həftənin şənbə-bazar günlərində tələbat daha çox olduğundan qiymətlərdə dəyişiklik olmasa da, digər günlərdə qiymətlər endirilir. Onun sözlərinə görə, yalnız bayramqabağı deyil, ümumiyyətlə, il ərzində bir neçə dəfə müvafiq qurumların iştirakı ilə ölkə daxilində turizm xidmətlərinin göstərilmə vəziyyətini öyrənməkdən ötrü monitorinqlər keçirilir və nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilir.
O ki qaldı bayram günlərində vətəndaşlarımızın harada dincəlməsinə, AZTA nümayəndəsi qeyd edib ki, Azərbaycanda daxili turizmin ümumi çəkisi bir qədər artıb: «Bu dəyişiklik turizm şirkətlərinin fəaliyyətində də hiss olunur. Avropadakı müəyyən iqtisadi durumla əlaqədar turizm paketlərinin də qiymətlərinin artımına səbəb olub. Bütün bu səbəblər Azərbaycandan Avropaya getmək istəyənlərin sayını azaldıb. Əvəzində isə regionlarda dincəlmək istəyənlərin sayı artıb».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar