“AİTF-2015”, “Horex Caucasus-2015” və “CIBS-2015” peşəkarları görüşdürəcək

Aprelin 2-dən 4-dək Bakıda XIV Azərbaycan beynəlxalq «Turizm və səyahətlər» («AİTF-2015») sərgisi keçiriləcək. Regionun turizm bazarının ümumi mənzərəsini əks etdirən və dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu qazanmış «AİTF» hər il Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

Sərgi həmçinin Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA) tərəfindən dəstəklənir. Təşkilatçılar qismində isə ənənəvi olaraq «İteca Caspian LLC» və onun tərəfdaşı «İTE Group Plc» (Böyük Britaniya) şirkətləri çıxış edirlər.
«İteca Caspian» şirkətindən aldığımız məlumata görə, bu il də «AİTF» turizm sahəsi üzrə danışıqların aparılması, görüşlərin keçirilməsi, fikir və təkliflərin mübadiləsi məkanına çevriləcək. 42 ölkədən 370-dən çox şirkət 80 turizm istiqaməti üzrə öz təkliflərini təqdim edəcək. Onların arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, müalicəvi-sağlamlaşdırıcı və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Bu il ilk dəfə olaraq sərgidə islam hotelləri təqdim olunacaq.
Sərgidə 18 ölkə milli stendi ilə iştirak edəcək və onların arasında Türkiyə, İran və Gürcüstan, habelə Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, İran, Malayziya, Mərakeş, BƏƏ, Sloveniya və Tailand var. Bu il Maldiv adaları ilk dəfə öz milli stendi ilə çıxış edir.
Builki sərgidə öz sahəsini xeyli genişləndirən Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin həm xarici, həm də daxili turizm sahəsində fəaliyyət göstərən aparıcı hotel və turizm agentliklərini bir araya gətirəcək. AZTA-nın stendində yerli turoperatorlar tərəfindən müxtəlif turizm paketləri təqdim olunacaq. Bundan əlavə, Azərbaycanın turizm potensialı regionların maraqlı ekspozisiyalarında nümayiş olunacaq.
Bu il «Tibbi turizm» üzrə iştirakçıların da sayı artıb. Azərbaycan, Almaniya, İran, Sloveniya, Litva, Macarıstan, Çexiya, Türkiyə, Yunanıstanın tibb mərkəzləri «AİTF-2015»də öz xidmətlərini təqdim edəcəklər. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi öz stendində «Chinar SPA Naftalan», «Duzdağ hotel», «Naftalan Hotel by Rixos» kimi müalicə mərkəzlərini təqdim edəcək.
Son illərdə «AİTF» Azərbaycan vətəndaşları arasında populyar kurort zonalarında daşınmaz əmlaka getdikcə artan tələbatı əks etdirən «Xaricdə daşınmaz əmlak» sektorunu fəal surətdə inkişaf etdirir. Builki sərgidə Türkiyə, Bolqarıstan, Böyük Britaniya, BƏƏ və Çexiyada daşınmaz əmlak agenti kimi xidmət göstərən şirkətlər iştirak edəcək.

Peşəkarların görüş yeri

«AİTF» sərgisi ilə eyni vaxtda regionun hotel və restoran sənayesinin yeganə ixtisaslaşmış sərgisi olan Qafqaz beynəlxalq «Hotellər, restoranlar və supermarketlər üçün avadanlıq və ləvazimatlar» («Horex Caucasus-2015») sərgisi bu il 9-cu dəfə keçiriləcək. Sərgi çərçivəsində şirkətlər turizm xidmətlərinin yüksək səviyyədə yerinə yetirilməsini nəzərdə tutan müasir təmayülləri və yeni texnologiyaları nümayiş etdirəcəklər.
«AİTF»lə paralel olaraq, 2-ci Xəzər beynəlxalq «Katerlər və yaxtalar» («CIBS-2015») sərgisi də keçiriləcək. İştirakçılar arasında peşəkar ünsiyyət üçün imkanlar yaratmaqla yanaşı, bu sərgi dünya təcrübəsini mənimsəməyə və məhsuldar əlaqələr qurmağa da kömək edəcək. Eyni zamanda sərgi Azərbaycanın bu sahə üzrə maraqlı turizm istiqaməti kimi populyarlaşmasına xidmət edəcək.

İtaliya və Monteneqro şirkətlərindən sərgiyə böyük maraq

«AİTF-2015»ə İtaliyanın turoperator və turizm şirkətlərinin, eləcə də İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) qatılacağı da nəzərdə tutulub. İtaliyanın «Gartour By HTS GRP» şirkəti təcrübəsinə görə önəmli yerlərdən birini tutur. Avropada 6500-dən çox hotellə müqavilə əsasında çalışan şirkət müştərilərə yüksək standartlı, sürətli və operativ xidmət, çoxəhatəli seçimlər, ucuz qiymət təklif edir. Şirkətin Azərbaycanın turizm institutları ilə əlaqələr qurması baxımından AİTF yaxşı imkan yaradacaq.
Sərgidə həmçinin hazırda turistlərin diqqətini çəkən ölkələrdən olan Monteneqronun Milli Turizm Təşkilatı, «R-Tours Montenegro» səyahət operatoru, ölkənin Budva bölgəsinin turizm təşkilatı, «Fly Montenegro» aviasiya və turizm şirkəti, «Hotel Monte Casa» və «Montenegro Stars Hotel Group» hotelləri ilə təmsil olunacağı gözlənilir. Son iki il ərzində Monteneqroya səyahət edən turistlərin sayında müşahidə olunan 9 faizlik artım ölkənin öz imkanlarını daha önəmli tədbirlərdə nümayiş etdirməyə həvəsləndirir.

Sərgidə yenilik - görüşlərin təyin olunması proqramı

Builki sərginin yeniliklərindən biri də təşkilatçıların yeni xidmət növünə - «B2B» görüşlərin əvvəlcədən təyin edilməsi proqramına start verməsi ilə bağlıdır. Bu proqramın tətbiqi ilə turoperatorlar, turizm agentlikləri və hava yollarının nümayəndələri, eləcə də hotel şəbəkələri, xaricdə daşınmaz əmlakla məşğul olan agentliklər və tibbi klinikalar sərgi iştirakçıları ilə əvvəlcədən görüş təyin edə biləcəklər. «B2B» proqramı 2-3 apreldə Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
«AİTF-2015» sərgisi 2-4 aprel tarixində yalnız peşəkarlar, 4 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq.

Regionların turizm imkanları «AİTF-2015»də

XIV Azərbaycan beynəlxalq «Turizm və səyahətlər» («AİTF-2015») sərgisində ölkəmizin regionları da geniş şəkildə yer alacaq. Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayevin qəzetimizə verdiyi məlumata görə, sərgi pavilyonunda turizm potensiallı bölgələrin stendləri qurulacaq. Ümumilikdə 13 regionun öz stendləri ilə təmsil olunması da nəzərdə tutulub. Qarabağ bölgəsinin stendi də nazirlik tərəfindən hazırlanaraq ziyarətçilərin diqqətinə təqdim olunacaq. Qarabağ pavilyonunda Şuşa, Ağdam, Füzuli və Bərdə rayonları təmsil olunacaq.
Respublikamızın bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin, turizm şirkətlərinin, el sənətkarlarının əl işlərinin, milli mətbəx nümunələrinin, həmçinin folklor qruplarının, tarixi abidələrin, muzeylərin və turizm nümayişi obyektlərinin təqdim olunacağı sərginin əsas məqsədi bölgələrimizin turizm potensialını daha geniş miqyasda təbliğ etdirməkdir.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar