Əbülfəs Qarayev: “AİTF dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib”

Aprelin 2-də Bakı Ekspo Mərkəzində «AİTF-2015» XIV Azərbaycan beynəlxalq “Turizm və səyahətlər”, XIX Qafqaz beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” (HOREX) və II Xəzər beynəlxalq «Katerlər və yaxtalar» («CIBS-2015») sərgilərinin açılış mərasimi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «İTE Group plc» və onun tərəfdaşı «İteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə nazir Əbülfəs Qarayev, nazirliyin əməkdaşları, “İTE Group”un icraçı direktoru Edvard Stroon, Azərbaycan və digər iştirakçı ölkələrin turizm təmsilçiləri iştirak edirdilər.

Turizm sənayesinin inkişafı dövlətin prioritet istiqamətləri sırasındadır

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev «AİTF» sərgisinin artıq 14 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu diqqətə çatdırdı. Nazirin sözlərinə görə, sərgi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirərək, turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirəcək: «İldən-ilə sərgi iştirakçılarının sayı da artır. Dünyanın 42 ölkəsindən 371 şirkət «AİTF-2015» sərgisində 80-dək turizm istiqamətini təqdim edir. Hər il sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bununla turizm sənayesinin inkişafına diqqət və qayğısını nümayiş etdirir. Bu da tədbirin əhəmiyyətini artırır, turizm sənayesinə böyük dəstək verir».

Əbülfəs Qarayev qeyd etdi ki, ötən illərdə «AİTF» sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib: “Azərbaycan bu gün böyük beynəlxalq tədbirlərin məkanına çevrilib. May ayında keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, iyun ayında ölkəmizin ev sahibliyi edəcəyi və bütün dünyanın diqqətində olan I Avropa Oyunları turizm sənayesinin üzərinə böyük məsuliyyət qoyur. Mədəniyyət və Turizm Nazirliyinin öhdəsinə düşən vəzifələri layiqincə həll edirik”.
Nazir dövlət başçısının sərəncamı ilə yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin bu sahədə ali təhsilin daha yüksək səviyyəyə qaldırılması üçün əhəmiyyətini də diqqətə çatdırdı: “Turizm sənayesinin inkişafı dövlətin prioritet istiqamətləri sırasındadır. Düşünürəm ki, bu qədər ölkələrin və onların şirkətlərinin iştirakı da sərginin regionun lider sərgisi olmasına sübutdur. Onu da deyim ki, gələn il XV Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ən geniş sferaları əhatə edən bir sərgiyə çevriləcək».

Növbəti illərdə sərgiyə gələnlərin sayı ikiqat artacaq

«İTE Group plc» şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək tədbirdə iştirak etməsindən məmnunluğunu bildirdi. Onun sözlərinə görə, həmişəki kimi, builki sərginin də iştirakçıları sırasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və spa prosedurları mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Bu il ilk dəfə olaraq sərgidə islam hotelləri təqdim olunur: «Sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edir və onların arasında Azərbaycanın yaxın qonşuları Türkiyə, İran və Gürcüstan, habelə Argentina, Bolqarıstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Sloveniya və Tailand var. Bu il Maldiv adaları ilk dəfə öz milli stendi ilə çıxış edir. Hesab edirəm ki, növbəti illərdə bu sərgiyə gələnlərin sayı ikiqat artacaq. Ölkədə keçirilən beynəlxalq tədbirlər bu layihələrin daha da genişlənməsi üçün şərait yaradacaq».
Edvard Stroon «AİTF»lə paralel olaraq, “HOREX-2015” və “CIBS-2015” sərgilərinin əhəmiyyətini də diqqətə çatdırdı.
Çıxışlardan sonra nazir və digər rəsmilər sərginin ekspozisiyası ilə tanış oldular. Qeyd edək ki, hər üç sərgi aprelin 4-dək davam edəcək. Ekspozisiya 2-3 apreldə yalnız peşəkarlar, ayın 4-də həvəskarlar üçün də açıqdır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar