Aprelin 1-də “Fairmont Baku” hotelində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa səyahət bazarı ("Baku Travel Bazaar Europe") keçirildi.
Azərbaycanda lüks (elit) turizmin inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirə müxtəlif ölkələrin bu turizm sahəsi üzrə qabaqcıl şirkətləri və media nümayəndələri qatılmışdı.
Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov dünya iqtisadiyyatında turizmin önəmindən danışdı. Bildirdi ki, turizm dünyada gəlir gətirən sahə kimi günü-gündən inkişaf edir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində turizm mühüm inkişaf yolu keçib: “Azərbaycanın coğrafi mövqeyi, təbii şəraiti, zəngin mədəni irsi, tarixi abidələri turizm imkanlarımızın böyük perspektivi olduğunu göstərir. Bu da öz növbəsində turizmin müxtəlif növlərinin inkişafına zəmin yaradır”.
Sektor müdiri turizm sahəsində dövlət siyasətindən söz açdı, ümumi daxili məhsulda turizmin payının tədricən artdığını dedi. Bildirdi ki, Bakıda Avropa səyahət bazarı kimi tədbirlərin keçirilməsi ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərərək, iştirakçıların potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış olmasına imkan yaradır, əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.
Qeyd edək ki, Bakıda Avropa səyahət bazarı tədbirində Türkiyə, İspaniya, İtaliya, Böyük Britaniya, Yunanıstan, Rusiya, İsveçrə, Fransa, Almaniya, ABŞ kimi ölkələrin lüks turizm sahəsində tanınmış 70-dən artıq şirkəti iştirak edib. Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçirilib.
"Baku Travel Bazaar"ın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulub. Tədbirlər "Baku Travel Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel Bazaar Adventures" kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.
Lüks turizmində qonaqların arzularına uyğun olaraq yüksək səviyyədə xidmətlər göstərilir. Bu turizm növü ilə məşğul olan şirkətlər qonaqlarını brend hotellər, özəl təyyarələr, yaxtalar, minik avtomobilləri ilə təmin edir. Yüksək səviyyəli xidmət göstərən turizm obyektlərində turistlərə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün xizək, qolf, dalğıc, idman avtomobil turları, paraşütdən tullanma, sörfinq və s. yaddaqalan istirahət imkanları yaradılır.
Fariz Hüseynov