İştirakçılar təəssüratlarını qəzetimizlə bölüşdülər

Aprelin 2-dən 4-dək Bakı Expo Mərkəzində keçirilən 14-cü Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisində (“AİTF-2015”) 42 ölkədən 371 şirkət, hotel, istirahət və müalicəvi turizm mərkəzi təmsil olunurdu. 17 ölkə sərgiyə öz milli stendi ilə qatılmışdı. Ekspozisiyada ölkəmizin turizm imkanlarının təqdimatına da geniş yer ayrılmışdı. Sərgi iştirakçılarının bir neçəsi təəssüratlarını qəzetimizlə bölüşdülər.

Elvira Gehl (İsveçrənin «Open Up Travel» şirkətinin Avropa və Amerika ölkələri üzrə meneceri):
- Biz «AİTF» sərgisinin veteranları sayılırıq. Bu sərgi fəaliyyətə başladığı ildən onun daimi iştirakçısıyıq. Təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, bu, iştirakçısı olduğum sərgilər arasında ən peşəkar və yaxşı təşkil olunmuş sərgilərdən biridir. Buna görə təşkilatçılara öz minnətdarlığımı bildirirəm.
Şirkətimiz İsveçrədə rusdilli turistləri qəbul edən ən təcrübəli turoperatorlardan biridir. Son vaxtlar azərbaycanlı turistlər də İsveçrəyə böyük maraq göstərirlər. Məqsədimiz bütün arzu edənlər üçün bu gözəl ölkə boyu səyahətlər təşkil etməkdir. «Open Up Travel» şirkəti turoperator kimi Avstriya, Almaniya, Fransa, İtaliya, Çin və Meksika kimi ölkələrlə də əməkdaşlıq edir.

Gülbuta Babayeva (Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri):
- Azərbaycanda bütün mineral su bulaqlarının 60%-dən çoxu Naxçıvanda cəmləşib. Muxtar respublika əsrlər boyu insanlara sağlamlıq bəxş edən təbii sərvətləri ilə məşhurdur. Stendimizin qonaqlarına bölgənin bu sahə üzrə imkanları barədə məlumat veririk. «Duzdağ» fizioterapiya mərkəzi təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da çox məşhurdur. Zəvvar turizmi də bizim üçün az əhəmiyyət kəsb etmir. Dünyanın hər yerindən zəvvarları cəlb edən dini-mədəni abidələr kompleksi - «Əshabi-Kəhf» İlandağ və Nəhəcir dağları arasında, təbii mağarada yerləşir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Möminə Xatun məqbərəsi orta əsrlər memarlığının şah əsəri hesab olunur. Naxçıvanda mədəni-tarixi turizmin inkişafı üçün geniş imkanlar yaradan ümumilikdə 1200-dən çox tarixi abidə və 29 muzey var.

Fərşad Bexafarin (İranın Turizm, Mədəni İrs və Sənətkarlıq Təşkilatında peşə bölməsinin təmsilçisi):
- Ölkəmizin zənginliyini hər kəsə nümayiş etdirmək üçün «AİTF- 2015» sərgisinə qatılmışıq. Stendimizdə əhalisi əsasən azərbaycanlılardan ibarət olan və mərkəzi Təbriz şəhəri sayılan şimal-şərqi İranın gəzməli-görməli yerləri barədə geniş məlumat verilir. Təbrizdə bir sıra mədəni, təbii və tarixi abidələr var. Bu bölgə öz milli sənətkarlıq sahələri, ədviyyatları, habelə müalicəvi otları və gözəl xalçaları ilə məşhurdur. Təbrizdəki qədim qapalı bazar 2010-cu ildə UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Regionumuzun turizm baxımından cazibədarlığı onun gözəl təbiəti və ekologiyası ilə də bağlıdır. Dağ turizmi və alpinizm inkişaf edir, velosiped marşrutları və at belində səyahət get-gedə daha da məşhurlaşır. Burada regionumuzun tibbi turizm sektorunu da təqdim edirik. Bölgəmizdə “Sareyn” kurortu isti bulaqları ilə məşhurdur. Şimali İranın ən məşhur gəzməli-görməli yeri duzlu Urmiya gölüdür. Bu göl də UNESCO-nun dünya irs siyahısına daxildir.

Xayrul İzvan Mohd Esa («Tourism Malaysiya» şirkətinin direktor köməkçisi):
- Bakı sərgisi mənim İstanbulda və ya Moskvada iştirak etdiyim analoji tədbirlərlə müqayisədə daha dolğun və maraqlı keçir. Ötən il biz «AİTF-2014» sərgisində milli stendlə çıxış edirdik və qeyd etməliyəm ki, sərginin nəticələrindən razı qalmışıq. Azərbaycanlı turistlər Malayziyanın öz qonaqlarına təklif etdiyi imkanlarla yaxından maraqlanırlar. Bu, heyrətamiz təzadlar ölkəsidir - nəhəng göydələnlərin yanında dirəklərin üzərində inşa edilmiş kiçik evlər, beşulduzlu hotellərin yanında qədim qayalıqlar ucalır. Dağ sərinliyini isti qumsal çimərliklər və tropik meşələri əvəz edir. Bu il Malayziyada «Festivallar ili» elan edilib və bu baxımdan 2015-ci il bizim üçün parlaq tədbirlər və rəngarəng bayramlarla yadda qalacaq.

Rodolfo Milesi (Argentinanın «Branding Latin America Group» şirkətinin rəhbəri):
- «AİTF» sərgisində ikinci dəfə iştirak edirik. Belə sərgilər Argentina ilə Azərbaycan arasında turizm əlaqələrini daha da genişləndirəcək. Müasir Bakı və ölkənizin qədim tarixə malik olması argentinalılarda böyük maraq yaradıb. Biz argentinalı turistlərin bu ecazkar diyarı yaxından tanıması üçün lazımi işlər görməliyik. Bunun üçün də bu sərgini mən bir fürsət kimi dəyərləndirirəm.
Sərgi çərçivəsində azərbaycanlı həmkarlarımızla mühüm görüşlərimiz nəzərdə tutulub.

Anastasiya Skrınnikova (Slovakiyanın «Gold SPA Turçianskie Teplitse» müalicə kurortunun satış üzrə meneceri):
- AİTF sərgisində ilk dəfə iştirak edirik. Sərgi çox yüksək səviyyədə təşkil olunub və bizi yaxşı mənada heyrətləndirdi. «Qızıl kurort» da adlandırılan «Turçian» Avropanın ilk və ən məşhur turizm mərkəzlərindən biridir və termal mineral bulağın yanında yerləşir. Stendimizdə «Turçian» istisu kurort mərkəzi, yerli mineral suların müalicəvi xüsusiyyətləri, habelə burada keçirilən proseduralar barədə ətraflı məlumat verilir. Biz istəyirik ki, bizim mərkəzi daha çox sayda azərbaycanlı ziyarət etsin. Həmçinin Azərbaycanın turizm təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik.

Nuriye Küreci («Adenya Hotels & Resort» hotelinin (Türkiyə, Alanya) inzibatçı köməkçisi):
- Bu, bizim Bakıdakı turizm sərgisində ilk iştirakımızdır. Məqsədimiz «Adenya» hoteli barədə geniş auditoriyaya məlumat verməkdir. Beşulduzlu kurort kompleksi olan «Adenya Hotels & Resort» dəbdəbəli interyeri və ekzotik dizaynı ilə seçilməklə yanaşı, gözəl istirahət arzusunda olanlar üçün ideal məkandır. Kompleksin özəlliyi onun islam dininin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsidir. Kompleks Alanya şəhərində, Aralıq dənizi sahilindəki kiçik yarımadada yerləşir. Açıq havada yerləşən və qapalı üzgüçülük hovuzları, habelə kişi və qadın sektoruna bölünmüş çimərlik zonası qonaqlarımızın ixtiyarındadır. Qonaqlara hotelin restoranlarında İslam dininin tələblərinə uyğun olaraq hazırlanmış geniş çeşidli yeməklər təklif olunur. Sərginin ilk günü xeyli sayda görüş keçirdik və hotelimizə böyük maraq olduğunu müşahidə etdik. Sevindirici haldır ki, təkliflərimiz fərdi istirahətin tərəfdarı olan sərgi ziyarətçiləri və azərbaycanlı turistlər tərəfindən müsbət qarşılanır.

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar