Prezident İlham Əliyev bu il 14-cü dəfə keçirilən Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Xəbər verdiyimiz kimi, 2-4 aprel tarixində Bakı Ekspo Mərkəzində XIV Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi (“AİTF-2015”) keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də sərgi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib. Bildirilib ki, AİTF sərgisi ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Tədbirdə iştirak edən ölkə və şirkətlərin sayı ildən-ilə artmaqdadır. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, bu il onların sayı 42-yə çatıb. Builki sərgidə ümumilikdə 371 şirkət 80-dək turizm istiqamətini təqdim edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olublar.
Qeyd edilib ki, əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti olan Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Bu gün ölkəmiz turizm mərkəzi kimi də bütün dünyada tanınır. Son illərdə Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə bir sıra mühüm tədbirlər keçirilir. Onların arasında Bakıda hər il keçirilən beynəlxalq turizm və səyahətlər sərgisinin xüsusi rolu var. Bu sərgi ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri hesab edilir. Sərgi həm turizm peşəkarlarına, həm də bütün səyahət həvəskarlarına gözəl imkanlar yaradır. Eyni zamanda Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərir.
Bildirilib ki, Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildə yaradılıb. Qurum turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir.
Turizm sahəsinə göstərilən dövlət qayğısı, Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olub. Ölkəmizin regionları da sərgidə geniş təmsil olunur. Burada bölgələrimizin turizm imkanları ilə bərabər milli adətlərimiz, mətbəximiz, tarixi abidələrimiz barədə ətraflı məlumat verilir. Naxçıvan stendi ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublika 6 hotel kompleksi ilə təmsil olunur. Son 20 ildə Naxçıvana gedən turistlərin sayı 20 dəfədən çox artıb.
Sərgidə təmsil olunan “Dalğa beach Aquapark” istirahət mərkəzi Abşeron yarımadasının ən mənzərəli yerlərindən olan Mərdəkanda yerləşir. Burada müştərilərin istirahətini yüksək səviyyədə təşkil etmək üçün zəruri şərait yaradılıb.
Sərgidə regionun aparıcı aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC və onun tərəfdaşı kimi “SilkWay” şirkəti də iştirak edir. Məlumat verilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı dünyanın 18 ən yaxşı dördulduzlu terminalları sırasındadır.
Prezident müxtəlif ölkələrin stendləri ilə də tanış olub. Bildirilib ki, İran İslam Respublikası sərgiyə 5 şirkətlə qatılıb. Onlar Təbriz, Urmiya, Ərdəbil və digər şəhərləri təmsil edir.
Maldiv Respublikası ilk dəfə AİTF sərgisinə qatılıb və 5 turizm şirkəti ilə təmsil olunur. Maldivdən gələn şirkətlər əsasən yay və ekzotik turizm növləri üzrə xidmətlərini təqdim edir.
Malayziyanın turizm şirkətləri sərgiyə gələn qonaqlara əsasən ekzotik turizm marşrutları üzrə xidmətləri təklif edirlər.
Macarıstan artıq 3-cü dəfədir ki, sərgiyə qatılıb. Bu ölkənin stendində milli stendlə yanaşı, 3 turizm operatoru da xidmətlərini təklif edir. Burada təklif olunan turizm istiqamətləri əsasən ekskursiya, ov və tibbi istiqamətlər üzrədir.
Argentina isə Turizm Nazirliyinin milli stendi ilə təmsil olunur. Stenddə bu ölkənin mətbəxi, şirniyyatları və adətləri barədə məlumat verilir.
Hindistan sərgiyə 2010-cu ildən qatılır. Bu dəfə sərgiyə gələn şirkətlərin sayı artaraq 7-yə çatıb.
İkinci dəfə sərgiyə qatılan Dominikan Respublikası 16 turizm şirkəti ilə təmsil olunur. Bu ölkənin şirkətləri Azərbaycan vətəndaşları üçün eksklüziv təkliflərlə çıxış edir.
Sərgidə qardaş Türkiyə 30-dan çox turizm şirkəti və idarəsi ilə təmsil olunur. Qars, Ərdahan, İqdır, Ərzurum, Alanya, Antalya, Bodrum, Mardin kimi səfalı məkanların geniş turizm imkanlarının təqdim olunduğu stenddə ziyarətçilərə yay-qış turizminin bir çox xidmətləri təklif edilir.
Sloveniyanın stendində 16 turoperator öz xidmətlərini təklif edir. Buraya əsasən tibbi-müalicəvi istiqamətlər daxildir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində AİTF sərgisi ilə yanaşı keçirilən IX Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“HOREX Caucasus-2015”) ilə də tanış olublar.
Sərgidə Azərbaycan, İtaliya, Koreya Respublikası, Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri iştirak edir. Ölkədə mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi ilə əlaqədar bu sərginin keçirilməsi olduqca aktualdır.
Dövlətimizin başçısı II Xəzər beynəlxalq katerlər və yaxtalar sərgisinə (“CIBS-2015”) də baxıb. Bu sərgi Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı, yaxt-klublar, su idmanı, su nəqliyyatı və bu istiqamətdə digər sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbirdir. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir.
Dövlətimizin başçısı sərgilərin işinə uğurlar arzulayıb.