Mirzə Ələkbər Sabir milli ədəbiyyatımızın Xaqani, Nizami, Füzuli, Seyid Əzim kimi klassiklərinin ənənələri üzərində intişar tapıb və kamala yetib. Xalqının böyük şairi və ictimai xadimi səviyyəsinə yüksəlib. “Molla Nəsrəddin” ədəbi məktəbinin ən fəal üzvlərindən biri kimi Şərqin bir çox ölkələrində ədəbi inkişafa təsir göstərib. Orijinallığı ilə seçilən ədəbi məktəb yaradıb...
   
   Sabir hər şeydən əvvəl əqidə, məslək və amal şairi olub. Ancaq bu mütəfəkkir sənətkar daha çox öz dövrünün nöqsanlarını tənqid edən satirik şair kimi tanınıb. Sabirin dünyagörüşündəki sağlam məfkurə ictimai ədalətsizliyə, istismara, mənəvi əsarətə qarşı dərin nifrət hissi onun satirik gülüşü üçün də çox xarakterik olub. O, məhz bu gülüşə arxalanaraq xalqın düşmənlərinə, cəhalət və nadanlıq dünyasına meydan oxuyub. Özünü həyatın bütün sınaqlarından ləyaqətlə çıxan qocaman bir dağa bənzədib:
   
   Seyli-tən öylə təməvvüclə alıb dövrü-bərim,
   Bənzərəm bir qocaman dağa ki, dəryada durar.
   Döysə də canımı minlərcə məlamət ləpəsi,
   Zövrəqi-himmətim əvvəlki təmənnada durar,
   Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman,
   Mən gedərsəmsə məramım yenə dünyada durar.
   
   O, köhnə dünyanın və onun doğurduğu saysız-hesabsız ictimai bəlaları satira atəşinə tutarkən bədii gülüşün bütün forma və imkanlarından istifadə edib. Ona yeni məzmun və çalarlar gətirib.
   Sabirin bir insan, vətəndaş şair kimi faciəsi idrak faciəsi olur. Çünki ömrü boyu uğrunda apardığı mübarizə milli intibah, ictimai tərəqqi ilə onu əhatə edən köhnə cəmiyyətin düşüncə tərzi, əxlaq normaları arasında böyük uçurum, əskiklik, ziddiyyət mövcud idi. Dövrün cövründən, ürəyinin yara bağlamasından, belə vəziyyətdə ciyərindən təmənna gözlədiyi halda “arizi-qəmlər əlindən” onun da şişdiyindən acı-acı şikayətlənir...
   1903-cü ildə Tiflisdə “Şərqi-rus” qəzeti nəşrə başlayır. Sabir bu qəzetin nəşrini alqışlayır. “Şərqi-rus”da dərc etdirdiyi şeirdə cəmiyyətin inkişafında mətbuatın əhəmiyyətinin böyüklüyünü diqqətə çatdırır. Xalqın tərəqqisi yolunda ona uzunmüddətli, səmərəli fəaliyyət arzulayır. “Həyat”, “İrşad” qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri kimi onlarda maraqlı şeir və məqalələrlə çıxış edir. Abunələrinə yardım göstərir.
   1906-cı il aprelin 7-də Tiflisdə Azərbaycanın ilk satirik mətbu orqanı - “Molla Nəsrəddin” jurnalı nəşrə başlayır. Məlumdur ki, Sabirin fikir və duyğularının mübariz ruhda formalaşmasında “Molla Nəsrəddin” jurnalı əhəmiyyətli rol oynayıb. O öz yaradıcılıq ruhuna yaxın saydığı “Molla Nəsrəddin”in ən sevimli şairi olur. Onun buradakı çıxışı jurnal üçün vaxtında baş verən mühüm, sevindirici hadisə olur. C.Məmmədquluzadə isə Sabirin simasında məhz axtardığı “Molla Nəsrəddin” şairini, qüdrətli qələm və məslək dostunu tapır...
   Mirzə Ələkbər böyük bir səs-küylə ictimai yaradıcılıq meydanına gəlir. Onun tiplər qalereyası genişləndikcə poetik rəsm fırçasının boyaları da yeni-yeni çalar, rəng seçimi ilə zənginləşir. Məlum “On iki kişinin məcmuəsi”ndəki, tiplərin nümayəndələrindən biri “Molla Nəsrəddin” jurnalında danışır:
   
   Millət necə tarac olur-olsun, nə işim var?!
   Düşmənlərə möhtac olur-olsun, nə işim var?!
   
   Sabiri təkcə Azərbaycan, öz həmvətənləri deyil, bütövlükdə İslam Şərqi narahat edib. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanırdı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, Şamaxıda, Bakıda və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdıqlarını oxuyanları kafir elan edirlər. Bəzən ruhanilər onun ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir və qoçular küçədə qabağını kəsirlər...
   1907-ci ildə o, Bakıya gəlir. Şeir yaradıcılığını müntəzəm davam etdirmək qərarına gəlir. “İrşad” qəzetində korrektor kimi işə düzəlir. Müəllimlik imtiyazı əldə etmək üçün hazırlaşır. Qori Müəllimlər Seminariyasında işə düzəlmək məqsədilə 1908-ci il aprelin 11-də Bakı Quberniya İdarəsində imtahan verir. Mayın 7-də Tiflisə gedir. Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Ancaq Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsir. Yenidən Şamaxıya qayıdır. Burada çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur... 1910-cu ilin əvvəlində o, yenidən Bakıya qayıdır. Bir müddət “Zənbur” jurnalında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə müəllim işləyir. 1910-cu ilin axırlarında xəstələnir. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir. C.Məmmədquluzadənin evində qalır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Həkimlər şairə cərrahiyyə əməliyyatı olunmağı təklif edirlər. Lakin şair buna razı olmur. O, Şamaxıya qayıdır...
   “Molla Nəsrəddin” jurnalı 1911-ci ildə 14-cü sayında xəstə şairə maddi yardım üçün bir elan dərc edir. Elandan sonra Rusiya və Şərqin bir çox şəhərlərindən “Molla Nəsrəddin”in ünvanına ianələr göndərilir. Xəstəliyinin şiddətləndiyini görən şair cərrahiyyə əməliyyatı olunmaq üçün iyulun 8-də Bakıya gəlir. Lakin həkimlər onun gecikdiyini və artıq cərrahiyyə əməliyyatının da bir fayda verməyəcəyini bildirirlər. Ona Şamaxıya qayıtmağı məsləhət görürlər.
   1911-ci il iyulun 12-də şair həyatının və yaradıcılığının ən parlaq çağında vəfat edir. “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur. 1912-ci ildə böyük şairin şeirləri “Hophopnamə” adı ilə çap edilir. Kitab böyük maraqla qarşılanır. İki il sonra xalqın ianəsi ilə kitab təkrar çap olunur. İllər bir-birini əvəzlədikcə böyük şair ədəbiyyat tariximizdə ölməzlik qazanır.
   
   Savalan Fərəcov