Nahid Bağırov: «Ehtiyac olarsa, endirimlər üçün Türkiyə tərəfinə müraciət edəcəyik»

Azərbaycanın getmə turizm bazarında axının az olması, vətəndaşlar üçün turizm xidmətlərinin qiymətlərinin bahalaşması müşahidə edilərsə, Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistlərimizin ən çox səfər etdiyi ölkə olan Türkiyədə xüsusi endirimlərin edilməsi məqsədilə həmin ölkənin müvafiq qurumlarına müraciət edəcək.

AZTA sədri Nahid Bağırovun sözlərinə görə, manatın devalvasiyasının turpaket qiymətlərinə böyük təsiri olmayıb: «Fevrala qədər olan qiymətlərlə bu günə olan qiymətlər arasında müəyyən fərq var, bir sıra endirimlər edilib. Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən əsas turoperatorlardan biri müəyyən güzəştlər edib. Əgər görsək ki, bazara axın azalıb, vətəndaşlar üçün qiymətlər artıqdır, onda endirimlərin edilməsi üçün Türkiyə tərəfinə müraciət edəcəyik. Amma hazırda buna ehtiyac yoxdur».
Azərbaycanda getmə turizmlə bağlı hazırkı qiymətləri normal sayan N.Bağırov deyir ki, hələlik heç bir ölkəyə Azərbaycandan gedən turistlərə görə xüsusi endirimlərin edilməsi ilə bağlı təkliflərin verilməsinə ehtiyac yoxdur: «Getmə turizmi ilə məşğul olan yerli turizm şirkətləri də hələlik turistlərin say azlığı ilə bağlı şikayətlər etməyib. Nə vaxt görsək ki, durğunluq var, onda bir tədbir görəcəyik, normal qiymətlər tətbiq olunacaq».
AZTA sədri onu da dedi ki, Azərbaycan tərəfinə hər hansı başqa ölkədən xarici turistlərə görə müəyyən güzəştlərin edilməsi ilə bağlı müraciət daxil olmayıb. Onun fikrincə, yay dövründə Azərbaycandan kənara səyahət etmək istəyən turistlər üçün prioritet ölkələr sırasında ilk yeri yenə də Türkiyə tutacaq. Azərbaycan turistləri üçün Türkiyədən sonra prioritet istiqamət Avropa məkanıdır. Bu il Bakıdan İspaniyanın Barselona şəhərinə birbaşa uçuşların başlanması ilə bu ölkəyə turlar da artacaq.
Qeyd edək ki, artıq Rusiya Türkiyəyə yay dövründə istirahətə getmək istəyən turistlərinə görə bu ölkə tərəfindən turoperatorlar üçün güzəştlərin edilməsini təklif edib.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar