Ölkəmizdə təhsilin, mədəniyyətin və turizm sektorunun müasir dövrün tələblərinə uyğun inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bir çox təşəbbüslər Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkliyə çevrilməkdədir. Turizmin inkişafı ilə yanaşı, bu sahədə peşəkar kadr hazırlığı məsələsi dövlət başçısının diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə yaradılan Mingəçevir Turizm Kolleci də respublikamızda turizm və xidmət sektoru üçün kadr hazırlanması işinə öz töhfəsini verir.

Əlbəttə ki, o dövrdə bu sahə üzrə tədris işinin təşkili üzrə ixtisaslaşmış mütəxəssislərin azlığı, ana dilində dərslik və metodik vasitələrin çatışmazlığı bir gerçək idi. Yeni təhsil ocağı üçün zəruri maddi-texniki baza tədris və təlimlə bərabər formalaşdırılmalı idi. Belə bir tədris ocağının paytaxtdan kənarda yaradılması müəyyən suallar doğura bilərdi. Amma coğrafi mövqeyi, turizm üçün əlverişli imkanları, Azərbaycanın məşhur istirahət zonalarına yaxınlıq faktoru Mingəçevir seçimini haqlı olaraq önə çıxarmışdı. Ən başlıcası isə respublika üçün perspektiv önəm daşıyan müəssisəyə rəhbərlik yüksək təşkilatçılıq bacarığına malik elm adamına həvalə edilmişdi. İqtisad elmləri doktoru, professor, 20-dən çox kitabın, dərsliyin müəllifi olan Əyyub Əyyubov uzun illərdir ölkəmizdə təhsilin inkişafına töhfə verməkdədir. Dəyərli alim böyük hədəflərə yetişməyin ən qısa yollarına yaxşı bələd idi. Hadisələri qabaqlayaraq bildirək ki, onun rəhbərliyi ilə Mingəçevir Turizm Kolleci cəmi 9 il ərzində digər təhsil müəssisələrinin uzun illər ərzində qazana bilmədiyi nailiyyətlərə yetişə bildi.
Yarandığı gündən kollec 12 ixtisas üzrə gənc kadr hazırlayıb. Subbakalavr ixtisas dərəcəli mütəxəssis yetişdirən təhsil müəssisəsində mehmanxana işinin təşkili, turizm və onun təşkili, ingilis dili, turist və sanatoriya, kurort komplekslərində tibb xidmətinin təşkili, muzey işi və abidələrin qorunması, reklam işi, bələdçilik işi və digər ixtisaslar üzrə kadr hazırlığı pedaqoqların böyük həvəs və əzmkarlığı sayəsində dinamik templə həyata keçirilməkdədir. 200-ə yaxın pedaqoq arasında yüksək elmi dərəcəli, təcrübəli, həmçinin gənc və perspektivli mütəxəssislər üstünlük təşkil edir. Onlar tədris-təlim prosesi ilə yanaşı, elmi araşdırmaların aparılmasında, yeni dərslik və elmi metodik vəsaitlərin hazırlanmasında da fəallıq nümayiş etdirirlər.
Belə bir təhsil müəssisəsində oxumaq, öyrənmək istəyi təbii olaraq gənc tələbələri uğurdan uğura daşıyır. Ən müasir informasiya texnologiyaları ilə təmin olunmuş auditoriyalar, informatika və linqafon otaqları, laboratoriyalar, 27 mindən artıq kitab fondu olan kitabxana, zəngin elektron kitabxana, oxu zalı, idman meydançaları və digər əlverişli tədris-təlim imkanları bacarıqlı kadr, vətənpərvər şəxsiyyət olaraq yetişməsi üçün zəmin yaradır. Onu da etiraf etmək lazımdır ki, 2263 tələbəni bir doğma ailə çatısı altında intizam və əzmkarlıq içində idarə etmək elə də asan məsələ deyil. Maraqlısı odur ki, gənclər dərs yükündən, tələbdən, tapşırıqdan bir an da olsun yorulmur, daha çox öyrənməyə, yaradılmış hər imkandan istifadə etməyə çalışırlar. Onları dərsdən sonra kollec daxilində fəaliyyət göstərən çeşidli özfəaliyyət dərnəklərinin məşğələlərində və idman bölmələrində tez-tez görmək olar. Vaxtaşırı münasibətilə təhsil müəssisəsində, eləcə də şəhər və ya respublika miqyasında konfrans, festival, sərgi, intellektual bilik yarışmaları və idman turnirləri kollecin tələbələri üçün bacarıqlarını nümayiş etdirmək baxımından önəmli fürsət kimi yadda qalır. Beynəlxalq tədbirləri də bu siyahıya əlavə etmək olar. Məsələn, Britaniya Şurasının “İş üçün bacarıqlar” layihəsi çərçivəsində Şotlandiyanın Stevenson Kolleci ilə birgə həyata keçirilən konfranslar, tələbə təcrübə mübadiləsi söylənənlərə bir örnəkdir.
Bu yerdə Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələrindən ətraflı söhbət açmağı zərurət hesab edirik. Təhsil müəssisəsi geniş və işgüzar beynəlxalq əlaqələr şəbəkəsi yaratmağa nail olub. Şotlandiyanın Stevenson, Rumıniyanın Andrea Barseanu, Qazaxıstanın Almatı Dövlət Texnologiya və Menecment, Rusiyanın Biznes və İqtisadiyyat, Moskva Humanitar kollecləri ilə əldə olunmuş razılıq və imzalanmış sazişlər sayəsində Mingəçevir Turizm Kolleci fəaliyyətini beynəlxalq təhsil sisteminə uyğun təşkil edərək zəngin tədris-təlim örnəklərindən yararlanır. Pedaqoq, tələbə mübadiləsi kollektiv önündə yeni üfüqlər açıb. Əgər ilk dönəmlərdə yalnız beynəlxalq təcrübə öyrənilirdisə, indi xarici tərəfdaşlar özləri bir sıra yeniliklərin tətbiqində Mingəçevir Turizm Kollecinin timsalında Azərbaycan təcrübəsinə istinad edir.
Mingəçevir Turizm Kollecinin beynəlxalq elm və təhsil ictimaiyyəti arasında indiyədək formalaşmış müsbət imicinin bir göstəricisi də kollektivin xeyli vaxtdan bəri Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Davamlı Turizm Menecmenti layihəsində fəal iştirakı ilə bağlıdır. Layihənin əsas məqsədi turizmin inkişafı üçün peşəkar kadr hazırlığı üzrə ixtisaslaşmış təhsil kollektivlərinə turizm fənlərinin daha mütərəqqi üsullarla tədris olunmasına yardımçı olmaqdır. Kollektiv bu layihədə Avropanın qabaqcıl təhsil müəssisələri, o cümlədən Bakı və Naxçıvan Dövlət universitetləri, Azərbaycan Turizm və Menecment Universiteti və Gəncə Aqrar Universiteti ilə birgə faydalı təcrübə mübadiləsi aparır. Layihənin proqramına müvafiq olaraq kollec rəhbərliyi və təcrübəli pedaqoqların bir qrupu Almaniyanın Yade Universiteti, Fransanın Qrenobl Akademiyası və Rumıniyanın Alexandro İoan Cuze Universitetində təşkil olunmuş elmi konfrans və praktik təlimlərdə fəal şəkildə iştirak edib. Əldə olunan zəngin təcrübə kollektivə dünyanın diqqət mərkəzində olan ən müasir tədris-təlim metodlarını Turizm Kollecində uğurla tətbiq etməyə imkan verir.
Əlbəttə ki, əlaqələr və səfərlər qarşılıqlı xarakter daşıyır. Məsələn, ötən ilin sonlarında Fransa Qrenobl Akademiyasının professoru Jan Noel başda olmaqla fransalı qonaqlar Mingəçevirə səfər edərək Turizm Kollecinin tədris-təlim prosesi və maddi texniki bazası ilə yaxından tanış olublar. Kollektivə maraq bununla da bitmir. İsrailin və Fransanın Azərbaycandakı səfirləri kollektivlə tanışlıq xarakterli daşıyan görüşlər keçiriblər. Ən əsası bu təmasın müsbət təzahürləri diplomatların yeni əməkdaşlıq təkliflərində bir daha özünü büruzə verir. Tezliklə kollecin beynəlxalq əməkdaşlıq coğrafiyası qardaş Türkiyəyə də uzanacaq. Türkiyənin Asiya Beynəlxalq Turizm Kolleci tədris ocağı ilə əlaqə qurmaq təşəbbüsü ilə çıxış edib. Bütün bunlar onu göstərir ki, Mingəçevir Turizm Kolleci doğru yoldadır və bu yolda kollektivi hələ çox nailiyyətlər müşayiət edəcək. Təsadüfi deyil ki, əldə etdiyi uğurları müqabilində kollektiv üç ildir ki dalbadal Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisinə (AİTF) dəvət alır. İstər dövlət qurumları, istərsə də əcnəbi mütəxəssislər kollecin beynəlxalq sərgidə iştirakını yüksək dəyərləndirir. Xaricdən Mingəçevir Turizm Kollecində təhsil almaq istəyənlərin sayında son ciddi artım müşahidə olunur. Bəlkə də 9 il öncə belə bir fakt kimsənin ağlından belə keçməzdi. Bu gün isə reallıq göz önündədir və bu dinamik inkişaf yolu tutmuş Azərbaycan reallığıdır. Heydər Əliyev irsindən mənəvi qida alan çoxminlik kollektiv yorulmadan sabahlara addımlayır.

Ehtiram Muradlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar