Təşkilatla imzalanan yeni saziş ölkəmizdə turizm sahəsində kadr potensialının gücləndirilməsinə xidmət edir

Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-15-də İspaniyanın paytaxtı Madriddə keçirilən Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində iştirak edib.

Nazir səfər çərçivəsində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai ilə görüşüb.
Görüşdə bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə olunub. Keçiriləcək sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı da söhbət zamanı diqqət mərkəzində olub.
Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Hökuməti arasında ölkəmizdə turizm sahəsində kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.
Söhbət zamanı müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Nazir Əbülfəs Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.
Xatırladaq ki, sammitin ilk günü Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı tərəfindən təşkil olunan, müxtəlif ölkələrin turizm nazirləri, qabaqcıl korporasiya və şirkətlərinin rəhbərlərinin qatıldığı "dəyirmi masa" formatında görüşdə iştirak edib. Nazir ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda çıxış edib.
Səfər çərçivəsində nazir AZƏRTAC-a müsahibəsində “Bakı-2015” birinci Avropa Oyunlarında gözlənilən turist axını barədə məlumat verib. İdmanın turizmin inkişafındakı önəmli roluna toxunan nazir qeyd edib ki, Ümumdünya Turizm Təşkilatının rəhbərliyi ilə görüşdə Azərbaycana turist axınının artırılması məsələləri də müzakirə olunub. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində bu qurumun da nümayəndə heyətinin iştirakı gözlənilir. Digər bir mövzu isə BMÜTT tərəfindən təklif olunub. Oyunlardan sonra qurumla Azərbaycan arasında idman və turizm məsələlərinin müzakirəsinin xüsusi komissiya çərçivəsində təşkili məsələsi irəli sürülüb və Azərbaycan tərəfi buna öz razılığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar