Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) və Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyinin təşkilatçılığı ilə Seulda qurumun İpək Yolu üzrə işçi qrupunun 5-ci iclası keçirilir. İpək Yolu layihəsində iştirak edən 18 ölkə nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev təmsil edir.
Tədbir BMÜTT-nin baş katibi Taleb Rifainin videomesaj nitqi ilə açılıb. Sonra BMÜTT-nin texniki əməkdaşlıq və xidmətlər üzrə icraçı direktoru Şanzonq Ju, İpək Yolu üzrə proqram direktoru Alla Peresolova və Koreya Respublikası mədəniyyət, idman və turizm nazirinin müavini Çonq Kim çıxış edərək İpək Yolu üzərində turizmin potensialından söz açıblar.
Tədbirdə İpək Yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti, turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Fəxriyyə