İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda “Elçinlə ədəbiyyat söhbəti (Yaşarın Xalq yazıçısı Elçin ilə müsahibəsi)” kitabının müzakirəsinə həsr edilən dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən institut direktorunun müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli Xalq yazıçısı Elçinin həyat və yaradıcılığı barədə danışıb. Qeyd olunub ki, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, dövlət xadimi Elçinin yaradıcılığında ədəbiyyat və elm bir-biri ilə sıx bağlıdır. Yazıçı “Azərbaycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizədlik, “Ədəbiyyatda tarix və müasirlik problemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. İndiyədək ədibin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Kitablarının ümumi tirajı beş milyondan çoxdur. Yazıçının əsərləri əsasında 20-dək film çəkilib. Natiq “Elçinlə ədəbiyyat söhbəti” kitabının ədəbiyyatımıza və ədəbi tənqidimizə töhfə olduğunu vurğulayıb.
   Tədbirdə filologiya elmləri doktoru Şirindil Alışanlının “Elçinlə söhbətin zamanı və məkanı” mövzusunda məruzəsi dinlənilib. Mövzu ətrafında aparılan fikir mübadiləsində professorlar Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, Qurban Bayramov və başqaları Elçinin yaradıcılığının əsas xüsusiyyətlərindən, kitabın məziyyətindən, burada bir sıra qlobal problemlərə toxunulmasından danışıblar.
   Sonda yazıçı göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.