1909-cu ilin iyununda iti qələmi, kəskin publisistikası, həyati pyesləri ilə dövrünün işıqlı simalarından biri olan Cəlil Məmmədquluzadə “Ölülər” əsərini yazıb başa çatdırır. Qısa vaxtda “Ölülər” əl-əl gəzib dolaşır...
   
   “Açıq söz” qəzetinin 73-cü sayında Sultan Məcid Qənizadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Nəriman Nərimanov “Ölülər” haqqında müsbət rəy yazırlar: “Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi olan bu drama müsəlmanların həyatında böyük rollar oynayacaq, paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir”.
   Ancaq beyinləri pasdan təmizləyib, ruhlara can vermək üçün “Ölülər” səhnədə dirilməli idi. Bu məqsədlə Cəlil Məmmədquluzadənin Qafqaz Mətbuat Komitəsinə yazdığı müraciət cavabsız qalmır. Senzura 1909-cu il 27 avqust tarixli qərarı ilə əsərin tamaşaya qoyulmasına icazə verir. Amma 1911-ci il 7 iyun tarixli “Kaspi”, 9 iyun tarixli “Baku” qəzetlərinin yazdığına görə, “Ölülər”in həmin il Tiflisdə oynanılması üçün iki dəfə cəhd göstərilsə də, bu təşəbbüs nəticəsiz qalır. Bütün bunlara baxmayaraq Mirzə Cəlil “Ölülər”in səhnəyə yol tapacağına inanırdı...
   
   “Ölülər” səhnədə
   
   Əsər səhnəyə yalnız 7 ildən sonra - 1916-cı il aprelin 29-da yol tapdı. İlk dəfə Bakıda - Tağıyev teatrında tamaşaya qoyulan “Ölülər” ilin böyük teatr hadisəsinə çevrildi. Tamaşanın ilk rejissoru Hüseynqulu Sarabski olur. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu Mirzəağa Əliyev oynayırdı. Onların qeyri-adi oyunu uzun illər tamaşaçıların yaddaşından silinmir.
   İlk tamaşa barədə “Açıq söz”, “Baku”, “Kaspi”, “İqbal”, “Bəsirət”, “Tuti”, “Babayi-Əmir” kimi qəzet və jurnalların səhifələrində ətraflı və mübahisəli məqalələr çap olunur.
   Hüseyn Cavid “Ölülər”i yüksək qiymətləndirərək yazırdı: “Ölülər” son komediyalarımız içində parlaq mövqe tutur. “Ölülər”də sənətkaranə bir dirilik, mahir bir incəlik var. “Ölülər”in hər təbəssümündən acı bir fəryad qopar... “Ölülər” qüsursuz deyil. Fəqət bu qüsur bir rəsmin ətrafında gözə çarpan ləkələr qədər təbii görünə bilər”.
   O illərdə “Ölülər” Orta Asiyada, Volqaboyu və Qafqazın bir sıra şəhərlərində də nümayiş olunur.
   
   “Ölülər” dirilir
   
   Sonrakı illərdə “Ölülər” Abbas Mirzə Şərifzadənin, Aleksandr Tuqanovun quruluşunda tamaşaya qoyulur. 1938-1939-cu il teatr mövsümündə Şəmsi Bədəlbəyli məşhur əsəri yeni quruluşda tamaşaya hazırlayır. Bu quruluş “Ölülər”in ən yaddaqalan tamaşalarından biri olur.
   1948-1949-cu il teatr mövsümündən 1966-cı ilədək “Ölülər” Dövlət Akademik Dram Teatrının səhnəsində oynanılmır. Yalnız 1966-cı il noyabrın 12-də milli teatr sənətimizin parlaq simalarından olan Tofiq Kazımov “Ölülər”i yenidən səhnəyə qaytarır. Tofiq Kazımovun quruluşunda Qara Qarayevin təsirli musiqisi, rəssam Elçinin maraqlı dekorları, Kefli İsgəndər rolunda Həsənağa Turabovun, Şeyx Nəsrullah rolunda Məlik Dadaşovun, Hacı Həsənağa rolunda Məmmədrza Şeyxzamanovun ifası ilə “Ölülər” səhnədə yenidən dirilir.
   1992-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında görkəmli rejissor Tofiq Tağızadə “Ölülər” əsərini “O dünyadan salam” adı ilə ekranlaşdırdı.
   Bu gün də “Ölülər” səhnədədir, sabah da belə olacaq, “Ölülər” ölməyəcək...
   
   Təranə Vahid